İraq hökuməti koronavirusun yayılması ilə mübarizə tədbirləri çərçivəsində paytaxtda komendant saatı tətbiq edib, eləcə də Bağdadan və geriyə olan uçuşları dayandırıb.
Yenicag.az “Alsumaria” televiziya kanalına istinadən xəbər verir ki, belə bir qərar bazar günü Baş Nazir vəzifələrinin icraçısı Adel Abdul Mehdinin rəhbərliyi altında xəstəliyə qarşı mübarizə çərçivəsində böhran qərargahının iclasında qəbul edilib.
Telekanal bildirib ki, yerli vaxtla saat 23:00-dan martın 17-də saat 23:00-dək insanların və nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər tətbiq ediləcək. Bu tədbirlər hüquq-mühafizə orqanları və KİV nümayəndələrinə, həkimlərə, diplomatlara və lazımi malların, yeməklərin çatdırılması ilə məşğul olan təşkilatlara şamil edilmir. Eyni zamanda, nazirliklərin və dövlət qurumlarının, habelə əyalətlərlə nəqliyyat əlaqələrinin işi dayandırılır. Digər bölgələrdəki rəsmilərə də oxşar tədbirlər tətbiq etmək barədə səlahiyyətlər verilib.
Qeyd edək ki, indiyədək İraqda qonşu İrandan gələn 124 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Virusa yoluxmuş 10 nəfər ölüb, 26 nəfər sağalıb. Səhiyyə Nazirliyinin son məlumatına görə, təkcə Bağdadda son bir gündə daha 9 nəfər yoluxmuş xəstə aşkarlanıb./APA/
www.yenicag.az