Bağlı quru sərhədləri: "Minlərlə insanın Azərbaycana gəlməsi çox ciddi problemlər yarada bilərdi"
“Azərbaycan rəhbərliyi quru sərhədləri bağlı saxlamaqla ölkənin təhlükəsizliyini düşünür”.
Bu sözləri Yenicag.az-a açıqlmasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.

Şərhçi bölgədə baş verən qarşıdurmalarla paralel Azərbaycanın quru sərhədlərinin bağlı olmasının ölkəmizə hər hansı köçün qarşısının alındığını diqqətə çatdırıb:
“İrana qarşı bu cür aviazərbələrin endiriləcəyi əvvəldən məlum idi. Amerikanın bir neçə tələbi var. Nüvə proqramı, ballistik raketlər və İranın proksi qüvvələri, eləcə də ölkədə insan hüquqları ilə bağlı şərtləri İran müzakirə etməkdən qəti imtina etdi. Sadəcə nüvə proqramı məsələsində yumşalmaya gedəcəkdi, o tələblərə də riayət etmədi. Bu səbəbdən bu cür əməliyyatlar gözlənilən idi. Bundan sonra hər şeyi həll etmək mümkün olacaqmı? Əgər alınmasa deməli biz bundan sonra da qarşıdurmalar gözləmiyik və təbii ki, belə qarşıdurmalar qonşu dövlətlər üçün böyük təhlükədi.”
A. Səmədov qeyd edib ki, quru sərhədlərin açılmasını hər kəs istəyə bilər, amma dövlət ağlı fərqli düşünə bilir:
“On minlərlə, yüz minlərlə insanın Azərbaycana gəlməsi bizə çox ciddi problemlər yarada bilərdi. Eyni zamanda Rusiya ilə münasibətlərimiz də kifayət qədər problemlidir. Rusiyadan hər dəfə ciddi təhlükələr gözləyirik. Ümumiyyətlə qonşular baxımından bəxti gətirməyən ölkələrdən biri də bizik. Təhlükə hər zaman var. İndiki zamanda daha yüksəkdir. Mümkündür ki, ölkə rəhbərliyi bütün bunları və bizə məlum olmayan məsələləri nəzərə alaraq sərhədləri bağlı saxlayıb. Yalnız vətəndaşların arzusu quru sərhədlərin açılmasıdır. Bunu hamımız istəyirik amma dövlət rəhbərliyi vətəndaşların arzusundan əlavə təhlükəsizlik məsələsini də düşünməyə məcburdur və hər şeyi insanlara elan etmək mümkün deyil. Ümid edək ki, qonşularımızla bağlı məsələlər həll olunacaq və qısa müddətdə Azərbaycanın quru sərhədləri açılacaq”.
Nurlan Cəfəri













