“Bakı Metropoliteni” QSC 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sosial layihəsi həyata keçirib.
Yenicag.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, metronun işıqlı şam ağacları ilə bəzədilmiş “İçərişəhər” stansiyasında Yeni ilin qəhrəmanları Şaxta baba və Qar qız sərnişinləri salamlayıblar. Onlar sərnişinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, onlara yeni ildə uğurlar və sevinc arzulayıblar.Yeni ilin ovqatına uyğun səhnələşdirilmiş tamaşanı Qar qız başlayıb. O, uşaqlarla birlikdə Şaxta babanı səsləyib. Öz təbiri ilə uşaqların səsinə səs verən Şaxta baba sözü-söhbəti, tapmacaları, atalar sözləri, yanıltmacları ilə əsl yeni il şənliyi ovqatı yaradıb. Uşaqlardan şeir, nəğmə hədiyyəsini alan Şaxta baba və Qar qız azyaşlı sərnişinlərə Yeni il sovqatlarını paylayıblar.Onu da xüsusi vurğulamaq lazımdır ki, “A” və “Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vaqonların qoşulduğu qatar “İçərişəhər” stansiyasının hərəkətin olmadığı 1-ci baş yolunda nümayiş etdirilib. Şaxta baba və Qar qız stansiyaya enərək nümayiş etdirilən qatara minib, azyaşlı sərnişinlərə hədiyyələr paylayıblar. Sərnişinlər Yeni il qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.
Yeni ilin əsas personajları iki gün azyaşlı sərnişinlərə hədiyyələr paylayaraq, onları sevindirəcəklər.
Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, yeni il ərəfəsində şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarda konsert proqramı təşkil edilib. Bu dəfə ənənəvi konsert proqramına da yenilik gətirilib. Tanınmış “Şaqan” instrumental ansamblı canlı musiqi ilə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradıb.
Bu il “Bakı Metropoliteni” bütün sərnişinlərinə daha bir yeni il sürprizi edib. Səsləri ilə bütün ölkədə məşhur olan mədəniyyət işçiləri qatarlarda stansiyaların elanlarını səsləndiriblər. Məşhurlar stansiyaları üç gün ərzində – dekabrın 30-dan yanvarın 1-dək elan edəcəklər.
“Bakı Metropoliteni” ilin son sosialyönümlü layihəsini həyata keçirmiş, metro sərnişinlərini fərqli formada hər iki bayram münasibətilə təbrik edən sosial çarxlar hazırlamışdır. Respublikanın ən məşhur simalarının səsləndirdiyi təbrik videoları metropolitenin monitorlarında nümayiş etdirilir. Bununla yanaşı bu sosial video-çarxlar sosial şəbəkələr və televiziya kanallarında da nümayiş etdirilir.
Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərdə ki, bayram şənlikləri ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 01:00-a qədər stansiyalar sərnişinlərin üzünə açıq olacaq.
www.yenicag.az