“Bakı Metropoliteni” QSC tərəfindən alınaraq, xəttə buraxılan yeni qatarlar bəzi stansiylardan “yan keçir”.
Yenicag.az xəbər verir ki, yeni qatarlarda elektron sistem qurulub və sərnişinlər hansı stansiyada olduqlarını və növbəti stansiyanın hansı olduğunu asanlıqla təyin edə bilirlər.
Maraqlısı isə budur ki, həmin hərəkət cədvəlində “Şah İsmayıl Xətai” metrostansiyasının adı yoxdur. Yəni xəttə buraxılmış yeni qatarlar adını çəkdiyimiz bu stansiyaya daxil olmurlar.
Bunun səbəbini öyrənmək və xəttə buraxılan qatarların hansı meyarlar üzrə stansiyalar arasında paylandığını müəyyənləşdirməyə çalışdıq.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında məsələyə aydınlıq gətirərək qeyd edib ki, qatarların stansiyalar üzrə paylanması sərnişin sıxlığını nəzərə alaraq həyata keçirilir:
“Yeni qatarlarda hərəkət istiqamətinin adı olur və hər mənzildə getdiyi stansiyanın işığı yanır. Bu qatarların “Şah İsmayıl Xətai”- “Cəfər Cabbarlı” xətləri üzrə işləməsi hələlik nəzərdə tutulmayıb.
Məntiqi cəhətdən cəmi iki stansiya arasında o qatarları işlətmək də doğru olmaz. Gün ərzində 700 mindən artıq sərnişinin cəmi 15 minə yaxını metroya o stansiyadan daxil olur. Sonra digər istiqamətlərdə məhz həmin qatarlarlarla hərəkət edirlər”.
Qeyd edək ki, ümumilikdə Bakı Metropolitenində 11 yeni qatar mövcuddur. Bunlardan 5-i 2015-2018-ci illərdə, 6-sı isə 2019-cu ildə gətirilib.
Gülşən Şərif
www.yenicag.az