Bakı metrosunda maşinist kabinələri kondisionerləşdirilir

Bakı metrosunun vaqonlarında maşinist kabinələri kondisionerləşdirilir.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC tender elan edib.

Tenderə əsasən, metro vaqonlarında maşinist kabinəsi üçün kondisioner və müxtəlif növ kondisioner süzgəcləri satın alınacaq. Tenderdə iştirak haqqı 500 manatdır. Tender proseduru “Dövlət Satınalmalar haqqında” qanuna uyğun keçiriləcək. İddiaçılar tenderlə bağlı sənədləri sentyabrın 9-a qədər e.tender.gov.az portalı vasitəsilə təqdim etməlidirlər.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin maşinist kabinəsində kondisioner olan yeni tipli vaqonların sayı 45-ə çatdırılıb. Avqust ayında Bakı metropoliteni üçün Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC-nin istehsalı olan 10 vaqondan ibarət növbəti iki qatar xəttə buraxılıb. 2019-cu il yanvar ayının 31-də “Transmaşholdinq” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində Bakı metropoliteni üçün 30 yeni tipli vaqon istehsal olunmalı idi. Onlardan ümumilikdə 10 vaqondan ibarət iki qatar tərkibi iyun ayının 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə Bakıya yola salınaraq, iyul ayının 2-də sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb. Cari il üçün nəzərdə tutulmuş 10 vaqondan ibarət son iki qatar isə avqust ayının sonuna kimi Bakıya gətiriləcək. Sentyabr ayında həmin qatar tərkibləri də müvafiq sazlama, tənzimləmə və sınaq işlərindən sonra xəttə buraxılacaq. Bununla Bakı metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq.