“Xəzər” TV-də Ana dilinin qorunması ilə bağlı verilişdən çıxıb evə gedərkən birdən yadıma bir neçə ay öncə Moskvanın “Literaturnaya qazeta”sında oxuduğum iki xəbər düşdü. Biri “Latviya: iki əsr geriyə”, digəri “Moskva-Bakı: dostluq” adlanırdı.
Yan-yana verilmiş yazıların birindən bəlli olurdu ki, bəzi müəllimlərin etirazına baxmayaraq, Latviyada rus məktəblərinin ləğvi və ölkənin bütün məktəblərinin latış dilinə keçirilməsi haqqında qanun qəbul edilmişdir. Bu ilin aprel ayında Latviya prezidenti qanuna qol çəkmişdir. Yəni əhalisinin az qala yarısı rus olan Riqada rus məktəbi qalmayacaqdır. Kəndləri də nəzərə alanda Latviyada əhalinin otuz faizi rusdillidur, lakin ölkənin dil siyasəti onların dövlət dilində, yəni latışca oxumasını tələb edir.
Digər yazıda isə Azərbaycan Prezidenti tərəfindən Dostluq ordeninə layiq görülmüş Məmməd Ağayevin Bakı təəssüratı yer almışdı.
Moskva satirik teatrının direktoru Məmməd bəy Bakıda ordeni alıb qayıdandan sonra qəzetə açıqlama verib deyir: “Hər dəfə, xüsusən, özüm üçün qeyd edirəm ki, şəhər (yəni Bakı-S.R.) yaxşı mənada yenə əvvəlki kimi “rus şəhəri” olaraq qalır. Və hətta cavanlar getdikcə daha çox rusca danışırlar”. Düzü adam bir azərbaycanlı ağsaqqal sənət adamının dilindən bu sözləri oxuyanda utandığından əriyib yerə girmək istəyir. “27 ildən bəri müstəqil olan bir dövlətin baş kəndinin hələ də “rus şəhəri” olaraq qalmasından böyük söyüş yoxdur bizə. Məmməd bəy bunda hansı yaxşı məna görüb, bilmirəm. Əhalisinin cəmi bir faizi rus olan bir şəhər o bir faizin havasına yaşayırsa, onda bu dövlətin sahibi olan xalqın heç bir müstəqillikdən danışmağa haqqı yoxdur. Millət özgə dili bu qədər əzizləyir və hələ də yabançı papağı altında yaşayırsa, istəyir on dənə fərman imzalansın, heç bir xeyri olmayacaq.
Sabir Rüstəmxanlı
Azərbaycan Dil Qurumunun başqanı
www.yenicag.az