Bakıda kirayə mənzil TƏLƏSİ: Başqasının borcunu siz ödəyə bilərsiniz
Kirayə mənzillərin böyük əksəriyyəti qeyri-leqal şəkildə icarəyə verildiyi üçün həm icarə verən, həm də icarə götürən tərəf ciddi risklərlə üzləşir. Bu, xüsusilə müqavilələrin olmaması və düzgün hüquqi sənədləşmənin aparılmaması ilə bağlıdır.
Bunu Yenicag.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.

Ekspert bildirib ki, ölkənin kirayə bazarında bir çox ciddi problemlər mövcuddur:
“Əsas məsələ icarə verənin üzləşdiyi risklərlə bağlıdır. Düzdür, icarə götürən də müəyyən risklərlə qarşılaşır. Ölkədə icarəyə verilən mənzil fondunun, demək olar ki, 95%-ə yaxını qeyri-leqal şəkildə bazara çıxarılır. Onların da bəlkə 90%-i yalnız primitiv müqavilələrlə tənzimlənir”.
O əlavə edib ki, hüquqi müqavilələr tərəflərin məsuliyyətini müəyyənləşdirir və riskləri azaldır:
“Depozit ödənilməsi, ödəniş şərtləri və mənzilin sığortası icarə verənin özünü qorumasına xidmət edir. Mənzildəki əşyaların və texniki avadanlığın siyahısının tutulması, aylıq baxışlar və mənzildə neçə nəfərin yaşayacağının müəyyənləşdirilməsi çox önəmlidir. Bu tədbirlər icarə verənin risklərini xeyli azaldır”.
Elnur Azadov həmçinin icarə götürənin də qarşılaşdığı riskləri qeyd edib:
“Hüquqi müqavilə olmadığı halda mənzilin qiyməti gözlənilmədən artırıla bilər, ev sahibi kirayəçini istədiyi vaxt evdən çıxara bilər, köhnə və zədələnmiş əşyaların təmiri isə icarə götürənin üzərinə qala bilər. Həmçinin əvvəlki icarəçilərdən qalmış kommunal borcların da yeni sakindən tələb olunması hallarına rast gəlinir”.
Ekspert vurğulayıb ki, hüquqi müqavilə həm icarə verən, həm də icarə götürən üçün ən effektiv qorunma vasitəsidir və kirayə bazarında riskləri minimuma endirir.
Samir Məcid












