“Baktelecom” şirkəti “Pulsuz WiFi” zonalarının sırasına daha birini əlavə edib.
Yenicag.az xəbər verir ki, bu gündən etibarən “Dədə Qorqud” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYT) təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən reallaşdırılan ”İctimai İnternet” layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçəri şəhər”, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış və Zabitlər, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən park (Fashion Avenue) da “Pulsuz WiFi” şəbəkəsi ilə təmin edilib.
“Baktelecom” tərəfindən hazırda daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə qoşulma nöqtələrinin sayı artırılır. Yaxın zamanda Nərimanov parkında quraşdırılma işləri yekunlaşdırılaraq şəbəkənin aktiv edilməsi gözlənilir. İlin sonuna kimi əhalinin sıx istirahət etdiyi digər parklar da ictimai internet şəbəkəsinə qoşulacaq.
Mart ayından etibarən paytaxt sakinləri və şəhərin qonaqları üçün istifadəyə verilən “Pulsuz WiFi” şəbəkəsindən istifadə qaydaları çox asandır. Belə ki, istifadəçi mobil cihazında “wifi” siyahısından “Baktelecom”u seçməli, açılan giriş səhifəsində təlimata uyğun qaydada internetə qoşulmalıdır.
www.yenicag.az