Reklam: High Technic
hightechnic

Bakıda qanunsuz tikililər söküldü - FOTO

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin rayonlarında ayrı-ayrı sahibkarlar, vətəndaşlar, bəzi iş adamları tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi, obyektlərin qarşısına yığılmış malların, səyyar reklam şitlərinin yığışdırılması, binaların fasadlarının estetik görünüşünə xələl gətirən paltar ipləri və xarici dildə yazılan yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər aparılır.

Bakı Şəhər İcra Hakimiyyətindən Yenicag.az-a verilən məlumata görə, artıq 2 gündür ki, Xətai rayonunda bu abadlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyəti ilə birgə aparılır.

Görülən tədbirlər nəticəsində Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metro stansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu 4 ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.

Həmçinin təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sira müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır.

Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə tikililərin sökülməsi üçün müvafiq qaydada məhkəməyə müraciət olunacaq.

Əsas məqsədi paytaxtın daha da gözəlləşdirilməsi, sakinlərin sosial şəraitinin yaxşılaşdırilması, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması olan bu tədbirlər paytaxtın digər rayonlarında da davam etdirilir.

www.yenicag.az

104