Son günlər Bakıda qurda bənzər həşəratların artması müşahidə olunur. Bu həşəratların tut ağaclarını yeyib məhv etdikdən sonra yaşayış ərazilərinə yayılmağa başladıqları bildirilir.
Yenicag.az xəbər verir ki, həşəratların nə olduğu, necə yayıldığı ilə bağlı ekoloq Ənvər Əliyev Teleqraf.com-a açıqlama verib.
Ekoloqun sözlərinə görə onlar ağ Amerika həşəratlarıdır:
“Ağ Amerika kəpənəyi xüsusən çoxillik ağaclar olan qarağac və tutda yayılıb. Mən də aidiyyəti qurumlara xəbərdarlıq etmişəm. Görülən tədbirlər gecikib. Şəhərin bütün yerlərinə yayılıblar. Bir müddət əvvəl yarpaqbükən adlandırılan həşəratlar qarağacları məhv etdilər. Qarağaclar çox gözəl görkəmi olan, qamətli ağaclardır. Hazırda ikinci dalğa gəldi, bu, tut ağaclarından başlayıb. Ağ Amerika həşəratları çox sürətlə artır. Əgər təcili tədbirlər görülməzsə, Bakıdakı digər ağaclara da keçəcəklər.
Şərq çinarları dünyanın nadir ağaclarındandır. Çox gözəl qaməti, kölgəsi olur, ziyanvericilərə qarşı həssasdır. Çünki budaqları və gövdəsi hamardır. Ziyanvericilər ora keçsə, bütün şəhərə daha sürətlə yayılacaq.
Bu həşəratlar tırtıl halında ağacların yarpaqlarını yeyirlər. Sonra baramaqurdundan fərli olaraq, seyrək və formasız tor hörürlər. Orada yumurta verirlər. Çox xırda yumurtaları var. Normal şəraitdə fazalarını tez yerinə yetirilər. Xüsusən tut ağaclarında sürətlə artırlar. Ciddi tədbir görülməlidir.
Onları arıquşu və sərçə sürətlə təmizləyir. Binalara, pəncərələrə dırmaşıb, evlərə daxil olurlar. Çoxlu yumurta qoyurlar. Onların qoyacaqları yumurtalar milyonlarladır. Normal mühitə düşsələr, yığıb-yığışdırmaq çox çətin olacaq. Hazırda maneəsiz artırlar. Məsələ ilə ciddi məşğul olmaq lazımdır”.
www.yenicag.az