“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Nobel prospektinin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi qrafikə uyğun davam etdirilir.
Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Məlumata görə, dörd giriş-çıxışı olacaq piyada keçidinin çıxışlarından biri “Ağ Şəhər-ə, digəri Azərbaycan Boks Federasiyasına, qalan ikisi isə Dənizkənarı Milli Park istiqamətində olacaq.
“Keçiddə hər tərəfində 2-si olmaqla, 8 eskalator quraşdırılacaq. Yeraltı piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, hündürlüyü isə 3,2 metr nəzərdə tutulub. Keçidin Boks Federasiyasına olan çıxışı bəzək işləri istisna olmaqla hazırdır. Dənizkənarı Milli Park istiqamətində isə 50% işlər görülüb. Hazırda zavod şəraitində əvvəlcədən gərginləşdirilmiş tirlər tikinti meydançasına gətirilərək quraşdırılır. Paralel olaraq monolit dəmir-beton, izolyasiya və sair işlər davam etdirilir”, – deyə P. Mürsəliyev bildirib.
www.yenicag.az