Paytaxtda avtoyuyucu məntəqələr kimi fəaliyyət göstərən obyektlər bağlanacaq.
Bu barədə Yenicag.az-a müvafiq xəbərdarlıq məktubu alan qaraj sahibləri məlumat verib.
Məlumata əsasən, daxili işlər nazirinin Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciəti əsasında BŞİH başçısının və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin birgə imzaladığı 10 dekabr 2019-cu il tarixli 7-4465/4 saylı məktubunun icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına avtoyuyucu məntəqələrinin fəaliyyətinin dayandırılmasının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb.
Tapşırığa uyğun olaraq, avtoyuyucu məntəqələri fəaliyyətini dayandırmalı və bundan sonra qaraj kimi fəaliyyət göstərməlidir.
Bakı şəhərində təqribən 3 mindən çox qaraj avtoyuyucu məntəqəsi kimi fəaliyyət göstərir.
Bu məntəqələrin hər birində 2-3 işçi çalışdığını nəzərə alsaq, sözügedən qərarın icrası ilə 10 minə yaxın insanın işsiz qalacağı ehtimal olunur.
Səxavət Məmməd
www.yenicag.az