!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdan ABŞ və Rusiyaya “NOTA YAĞIŞI”: “Daha təsirli vasitələrə əl atılmalıdır”

!Reklam – Yazi

“ABŞ və Rusiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişmədiyini bəyan etmələri artıq effektli yanaşma deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Dağlıq Qarabağdakı separatçı rejim nümayəndələrinin ABŞ və Rusiyaya səfər etmələri ilə bağlı Azəbaycanın bu ölkələrə etiraz notası verməsinin nə dərəcədə yetərli olduğunu dəyərləndirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Keçmiş dövlət müşaviri bildirib ki, Azərbaycan bu kimi halların təkrarlanmamasının daha təsirli yollarını tapmalıdır:

“Bu yollardan biri BMT-yə müraciət etmək, yaxud da məsələni ATƏT-də tam ciddiliyi ilə qaldırmaqdır. ATƏT-də bu məsələ müzakirə edilib, müəyyən nəticəyə nail olunmadıqda, problemin BMT müstəvisinə çıxarılmasına cəhd göstərilməlidir.

Azərbaycan effektli təbliğat quraraq, beynəlxalq təşkilatların bu məsələyə daha obyektiv, daha dürüst, beynəlxalq hüquq normalarına uyğun yanaşmalarını təmin etməlidir. Digər tərəfdən o da etiraf olunmalıdır ki, beynəlxalq təşkilatlar bu məsələyə xristian təəssübkeşliyindən yanaşırlar”.

Qabil Hüseynli qeyd edib ki, bu məsələdə Rusiya ilə münasibətlərin qurulmasına da diqqət artırılmalıdır:

“Rusiyadan tələb edilməlidir ki, Cənubi Qafqazdakı münaqişələrə münasibətdə destruktiv yanaşmaya son qoysun. Lazım gəlsə, Rusiyadan BMT-yə və beynəlxaq təşkilatlara şikayət də etmək olar.

Düzdür, bəziləri deyəcəklər ki, bu, Rusiya-Azərbaycan münasibətlərinə zərər verəcək. Ancaq əgər bir dövlət Azərbaycan ərazisinin iyirmi faizini işğal etmiş dövləti qanadlarının altına alırsa, biz buna ya müharibə ilə cavab verməliyik – buna da Rusiya imkan vermir – ya da diplomatik yolla təsir göstərməyi bacarmalıyıq.

Biz ərazilərimizin iyirmi faizinin Ermənistan tərəfindən işğal olunduğunu, azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını, bir milyon insanın didərgin salındığını beynəlxalq rəyə yetərincə oturda bilmirik.

Bu vəziyyət yalnız Suriyada baş verən məlum hadisələrlə müqayisə edilə bilər. Buna görə də diplomatik səylərimizi artırmalıyıq. Dünya dövlətləri ərazi bütövlüyümüzü tanıdıqlarını bəyan etsələr də, Azərbaycanın ərazi bütövlüyünün bərpasına dəstək vermirlər. Yaranmış vəziyyət isə bizim bu məsələni gec-tez hərbi yolla həll etməyə vadar olacağımızı göstərir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2302
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv