“Moskva, Kiyev kimi şəhərləri götürsək, bu şəhərlərdə baş alıb gedən urbanizasiya proseslərinə rəğmən yaşıllıq ərazisi daha çoxdur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakıda yaşıllıq ərazilərinin azlığı problemi və bu istiqamətdə atılmalı olan addımlar barədə danışan ekoloq Rövşən Abbasov deyib.
Onun sözlərinə görə, Bakı, Abşeron yarımadasına o qədər də yağıntılar düşmür.
“Bu da Abşeronda təbii bitki örtüyünün az olmasına gətirib çıxarır. Bakını yaşıllıq olan o şəhərlərlə müqayisə etmək düzgün deyil. Çünki Bakı yarımsəhralıq olan bir ərazidə yerləşən bir şəhərdir. Məhz bu səbəbdən də paytaxtda adam başına düşən yaşıllıq miqdarı digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. Əgər Moskva, Kiyev kimi şəhərləri götürsək, bu şəhərlərdə baş alıb gedən urbanizasiya proseslərinə rəğmən yaşıllıq ərazisi daha çoxdur. Bakıda isə bunun tam əksini görürük. Əlbəttə ki, Bakı şəhərində ümumi yaşıllıq sahələrinin zaman-zaman artıb azalmasının şahidi oluruq. Təbii ki, çox müxtəlif cəhdlər, planlar hesabına bizdə çalışılır ki, Bakı ərazisində yaşıllıqlar çoxaldılsın. Bu, xüsusilə şəhərkənarı ərazilərə aiddir”, – deyə o əlavə edib.
R.Abbaov qeyd edib ki, hazırda şəhər ərazisində daha çox şəhəkənarı ərazisi xüsusilə Xocəsən gölü ətrtafında sürətli yaşıllaşdırma işləri aparılır.
“Bundan başqa, Abşeron yarımadasında sürətlə yaşıllaşdırma işləri zeytun və badam əkilməsi hesabına aparılmaqdır. Son on ilə baxsaq ki, Abşeron yarımadasının yaşıllığı digər illərlə müqayisədə nisbətən artıb. Əlbəttə, bunun səbəbi aparılan yaşıllaşdırma işləri ilə əlaqəlidir. Amma burada da bəzi problemlər mövcuddur. Bəzi şəhərlərin elə yerləri var ki, orada torpaq çox bahalaşır və bəzən yaşıllıqlara göz dikilir. Çox təəssüf ki, bəzən bir çox hallarda bunun qarşısını almaq mümkün olmur. Bu da şəhərin bəzi yerlərində yaşıllıqların azalmasına gətirib çıxarır. Şəhərdə isə daha çox mərkəz və mərkəzə yaxın ərazilərdə parkların genişləndirilməsinin şahidi oluruq. Bu, əsasən köhnə “Sovestski” deyilən massiv və Heydər Əliyev prospektindən aşağı olan ərazilərdir ki, burada evlər sökülərək, yaşıllıq ərazilərinə verilib. Burada Gənclik parkını da xüsusi qeyd etmək olar. Gözlənilir ki, Bakıxanov yaşayış məntəqəsində olan iri yaşıl massiv də tezliklə abadlaşdırılıb, parka çevriləcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az