Baş redaktor: “Yubiley tədbirləri Azərbaycan mediasının inkişafına təkan verəcək”
“Prezident İlham Əliyevin Azərbaycan Milli mətbuatının 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı Sərəncamına əsasən, Prezident Administrasiyasına Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırığı verilib. Bu, dövlət başçısının milli mətbuatımıza verdiyi dəyərin real nümunəsidir”.
Bunu Yenicag.az-a açıqlamasında Prezident İlham Əliyevin mətbuatın 150 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam barəsində fikirlərini səsləndirərkən QHT sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov deyib:
O, yubiley tədbirlərinin Azərbaycan mediasının inkişafına təkan verəcəyini bildirib:
“Yubiley ilə bağlı tədbirlər Azərbaycan mediasının inkişafına təkan verəcək. Azərbaycan mətbuatı böyük bir tarixi yol keçib, Zərdabidən bu günümüzə qədər keçilən yol şərəfli, ləyaqətli jurnalistlərin yetişməsinə səbəb oldu. Milli mətbuatımız Zərdabi ənənələrinə söykənərək hər dövrün tələblərini uğurla yerinə yetirməklə müasir inkişaf səviyyəsinə gəlib çatıb. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra ilk islahat apardığı sahələrdən biri də media oldu, senzura ləğv edildi, dünya təcrübəsinin öyrənilməsi prosesləri başlanıldı. Prezident İlham Əliyev isə bu diqqəti, qayğını daha da artırdı, medianı özünə arxa, dayaq, dost seçdi. Jurnalistlərin sosial durumlarının yaxşılaşdırılmasından tutmuş, bilik və bacarıqlarının artırılması istiqamətində də mühüm işlər görüldü. Mətbuat Şurasının yenilənməsi, MEDİA Agentliyinin yaranması, təkmilləşdirmə kursları, beynəlxalq təcrübə proqramları və digər addımlar mətbuatın inkişafını müasir çağırışlara adekvat səviyyəyə gətirmiş oldu. Bu il isə milli mətbuatımızın 150 illik yubileyidir. Əminəm ki, yaddaqalan il olacaq. Bütün həmkarlarımı ürəkdən təbrik edirəm”.
Cəvahir