“Tofiq Yaqublunun həbsi siyasi sifarişdir. Tofiq Yaqublu Azərbaycan hakimiyyətini ən sərt, ən kəskin şəkildə tənqid edən siyasətçilərdən biridir. Hakimiyyət buna dözümsüzlük göstərərək, indiki şəraiti fürsət bilərək onun azadlıqdan məhrum edilməsi üçün addımlar atır”.
Bu fikirləri Yenicag.az-a Tofiq Yaqublu haqqında açılan cinayət işinə münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılı səsləndirib.
Arif Hacılı bildirib ki, baş verən hadisə quramadır:
“Baş verən hadisənin qurama, təxribat olduğu hamıya aydındır. Onun xüsusilə pandemiya şəraitində, tətil günlərində saxlanması da təsadüfü deyil. Aydın görünür ki, hakimiyyət onun həbsi üçün uzun müddət hazırlıq görürmüş”.
Arif Hacılı partiya olaraq Tofiq Yaqublunun müdafiə komitəsini yaratdıqlarını deyib:
“Müsavat Partiyası məsələ ilə bağlı münasibətini bildirib. Biz imkanımız, əlaqələrimiz olan beynəlxalq qurumlar vasitəsi ilə də məsələyə təsir göstərməyə çalışırıq. Bundan başqa Müsavat Partiyası müdafiə komitəsi yaradıb. Müdafiə komitəsi Tofiq Yaqublunun hüquqlarının müdafiəsi üçün həm ölkə daxilində, həm ölkə xaricində bütün işləri görəcək”.
Qeyd edək ki, Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb. Tofiq Yaqublu şübhəli şəxs qismində saxlanılıb.
Səxavət Məmməd
www.yenicag.az