Tofiq Yaqublu: “İsa Qəmbərin hansısa bir namizədi dəstəkləməsi və təbliğ etməsi təbiidir”.
Yadigar Sadıqlı: “Onun Arif Hacılıya belə açıq şəkildə dəstək verəcəyini düşünməsəm də, bu ehtimalı diqqətə alırdım”.
Arif Hacılı: “İsa bəyin bu yazısından əvvəl də başqan seçkilərində nəticələrin necə olacağı aydın idi”.
Müsavat lideri İsa Qəmbərin partiyanın oktyabrın 12-nə təyin edilmiş qurultayına bir neçə gün qalmış “Facebook”da paylaşdığı statusda başqanlığa namizəd Arif Hacılıya dəstək verməsi və nümayəndələri ona səs verməyə çağırması birmənalı qarşılanmayıb.
Başqanlığa digər iddialılar – Tofiq Yaqublu ilə Yadigar Sadıqlı və onların tərəfdarları İsa Qəmbərin bu çağırışını tənqid edərək, Müsavat liderini seçkilərin nəticələrinə təsir göstərəcək addım kimi dəyərləndiriblər.
Yenicag.az-a açıqlamasında İsa Qəmbərin başqanlığa namizədlərdən birinə rəğbətini açıq bəyan etməsinə münasibət bildirən Tofiq Yaqublunun fikrincə, Müsavat liderinin bu jesti seçkilərin nəticələrinə ciddi təsir göstərəcək:
“Əslində, İsa Qəmbərin Arif Hacılını dəstəkləməsində qanunsuz, mənəviyyata uyğun olmayan heç nə yoxdur. İsa bəy Müsavat partiyasının üzvü, həm də qurultay nümayəndədir. Onun hansısa bir namizədi dəstəkləməsi və təbliğ etməsi normaldır.
Ancaq İsa Qəmbərin çağırşı seçkilərin nəticələrinə təsir edə bilər.
İsa bəyin “əlbəttə, bilirəm ki, Arif Hacılı başqan seçiləcək” fikirlərinin səmimi olmadığını düşünürəm. Çünki o, Arif Hacılının başqan seçiləcəyindən arxayın olsaydı, tərəfsizliyini qoruyub saxlayardı. Görünür narahatlığı var, o səbəbdən də bu cür taktiki addım atıb”.
İsa Qəmbərin onu dəstəkləmədiyini bildiyini vurğulayan başqanlığa digər namizəd Yadigar Sadıqlı isə Yenicag.az-a açıqlamasında Müsavat liderinin bəyan etdiyi mövqe haqda bunları deyib:
“İsa Qəmbərin məni dəstəkləməyəcəyini bilirdim. Ancaq onun Arif Hacılıya belə açıq şəkildə dəstək verəcəyini düşünməsəm də, bu ehtimalı diqqətə alırdım.
Ona görə də, mənim üçün gözlənilməz olmadı.
Əslində, partiyada lider postu yoxdur. Bu, adətən, jurnalistlərin və lidersiz keçinə bilməyən bəzi müsavatçıların tez-tez işlətdikləri bir sözdür. İsa Qəmbərin namizədlərdən birinə açıq dəstək verməsi hüquqi baxımdan normal olsa da, seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərəcəyi üçün bu addımın mənəvi tərəfinə dair fikir bildirmək istəmirəm.
İsa bəyin bu məsələdə səmimi olmadığını düşünürəm. O, Arif Hacılının qalib gələcəyinə əmin olsaydı, çox güman ki bu statusu yazmazdı”.
Məsələ ilə bağlı Yenicag.az-a danışan Müsavatın fəaliyyətdə olan başqanı Arif Hacılı partiyanın lideri İsa Qəmbərin belə bir mövqe bildirməsində qeyri-adi heç nə görmür.
Onun sözlərinə görə, qurultayda başqan seçkiləri üzrə mümkün nəticələr partiya üzvlərinin hər birinə indidən aydıdndır:
“İsa bəyin bu yazısından əvvəl də başqan seçkilərində nəticələrin necə olacağı aydın idi. Sadəcə, bəhanələrdir. Qurultay nümayəndəsi olaraq, İsa Qəmbərin də bu məsələyə münasibət bildirməsi normaldır.
Müsavata münasibətindən asılı olmayaraq, çoxları Müsavat başqanının kimliyi barədə fikir bildirdiyi halda, İsa Qəmbərin belə bir haqqının olmadığını düşünmək absurddur”.
Səxavət Məmməd
www.yenicag.az