Almaniya hökuməti ABŞ prezidenti Co Baydenin Almaniyaya səfərindən Ukraynaya gələcək dəstəklə bağlı güclü siqnal gözləyir.
Yenicag.az yerli NTV telekanalına istinadla xəbər verir ki, bu barədə kanalın hökumət dairələrindəki mənbələri məlumat yayıb.
Mənbələr Baydenin cümə və şənbə günləri gözlənilən səfərini şərh edərkən bunu Almaniya hökuməti üçün “əhəmiyyətli iş səfəri” kimi qiymətləndiriblər.
Bildirilir ki, Ukraynaya dəstək üzrə təmas qrupunun Baydenlə şənbə günü ABŞ-nin Reynland-Pfaltsdakı Ramşteyn bazasında keçirilməsi planlaşdırılan görüşü Rusiyanın hücumuna məruz qalan ölkəyə gələcək hərbi dəstək üçün “güclü siqnal” göndərə bilər.
Ramşteyndən əvvəl Co Bayden Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer ilə dördtərəfli görüş keçirməyi planlaşdırır. Berlinin hökumət dairələrindən verilən xəbərə görə, danışıqlarda Yaxın Şərq münaqişəsi və Ukraynadakı müharibə müzakirə olunacaq.
Bundan əvvəl KİV-lər müttəfiqlərin Ramşteyn formatında keçirilən görüşündə Ukraynanı dəstəkləmək, xüsusən də Şimali Atlantika inteqrasiyası ilə bağlı yeni addımların atılmasının gözlənildiyini yazıblar.
Xatırladaq ki, prezident Volodimir Zelenski Ramşteyn formatında təmas qrupunun görüşündə bir araya gələcək müttəfiq ölkələrin liderlərinə öz “qələbə planını” təqdim etməyi planlaşdırır.
Rafi Müslümov
www.yenicag.az