“Ötən sürüşmələrdən sonra Yaponiyadan gətirilən mütəxəssislərin rəyi ictimaiyyətə hələ də açıqlanmayıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Bibiheybət məscidi yaxınlığında baş verən sürüşmə nəticəsində ərazidən keçən əsas yolun çökmə səbəblərini şərh edən landşaftşunas Şəbnəm Karslı deyib.
Şəbnəm Karslı bildirib ki, sürüşmənin baş verməsində əsas səbəb kimi yalnız yağışın göstərilməsi, sadəcə, bəhanədir:
“Doğrusunu söyləsəm, rəsmilərin bununla bağlı hansı bəhanələr gətirdiklərini dəqiq bilməsəm də, onların yağışı əsas səbəb kimi göstərmələri ortadadır.
Əminliklə deyə bilərəm ki, yağış sonuncu domino daşı effekti verir, yerin altı sürətlə yuyulur. Yeraltı sular Abşeron yarımadasının altını ciddi eroziyaya məruz qoyub.
Drenaj şəbəkəsi, kanalizasiya sistemi ən az 50 il əvvəlki əhali sayına və arxitekturasına uyğundur. Digər tərəfdənsə, yeni tikililərin şəhər landşaftına uyğun gəlməməsi də nəzərə alınmalıdır.
Bütün bunlar yeraltı suların səviyyəsinin artmasına səbəb olub. Ancaq burada əsas problem suyun səviyyəsində olan dəyişiklik deyil. Eyni zamanda, suyun istiqamətinin dəyişməsi də torpağın dərin qatlarının yuyulmasını sürətləndirir. O baxımdan, ərazidə sürüşmələrin davam edəcəyi gözləniləndir”.
Mütəxəssis Bayılda bir müddət əvvəl baş vermiş sürüşmə zamanı problemin araşdırılması üçün Yaponiyadan mütəxəssislərin dəvət edildiyini, ancaq onların rəyinin ictimaiyyətə açıqlanmadığını xatırladıb:
“Əvvəlki sürüşmələrdən sonra Yaponiyadan gətirilən mütəxəssislərin rəyi ilə ictimaiyyət hələ də tanış deyil.
Qeyd olunmalıdır ki, böyük pullar xərcləyərək, yerli landşaftı bilməyən xarici mütəxəssislərin bu işlərin tədqiqatına cəlb etməyə ehtiyac yoxdur. Çünki bizim öz mütəxəssislərimizin bu mövzuda ciddi elmi tədqiqatları mövcuddur.
Təxminim bundan ibarətdir ki, çökən yolun təmiri zamanı yenə eyni proses baş verəcək: çökən yerləri torpaqla doldurub, üstünü asfaltlamaqla, yolu “bərpa edəcəklər”.
Bir müddət sonra “təmir edilmiş” o yol da çökəcək. Əsas narahatlıq isə yaşayış binalarının yerləşdiyi ərazilərdə qəfil sürüşmənin ola bilməsindədir. Belə qəzalardan Allah qorusun”.
Səxavət Məmməd