Britaniya polisi “Extinction Rebellion” radikal ekoloji fəallar qrupunun Londondakı Trafalqar meydanında keçirdiyi “oturaq tətil” zamanı Belçika şahzadəsi Esmeraldanı həbs edib.
Yenicag.az xəbər verir ki, Belçika Kralı Albertin ögey bacısı, mərhum Kral III Leopoldun və onun ikinci arvadı Lilianın qızı olan 63 yaşlı Belçika şahzadəsi Esmeraldanı aksiyanın digər saxlanılmış iştirakçıları ilə birlikdə polis furqonuna mindirib yaxınlıqdakı polis məntəqəsinə aparıblar. Şahzadəni orada 5 saat sorğu-sual edəndən sonra buraxıblar.
Şahzadə Esmeralda Belçika KİV-lərinə verdiyi müsahibədə bildirib ki, iqlim dəyişmələrinin qarşısının alınması məsələsində hakimiyyət orqanlarının fəaliyyətsizliyinə qarşı etirazını bildirməkdə davam etmək niyyətindədir. Şahzadə öz Twitter səhifəsində yazıb: “İqlimlə bağlı fövqəladə vəziyyətdə təcili tədbirlər görülməsi üçün biz hamımız hökumətlərə təzyiq göstərməliyik”.
Keçən həftə “Extinction Rebellion” qrupunun fəalları London da daxil olmaqla dünyanın bir sıra şəhərlərində “oturaq tətillər” keçiriblər./AZƏRTAC/
www.yenicag.az