Ülkər Rzayeva 2 il öncə 3-cü mərtəbədən yıxılıb. Başı gicəllənib, müvazinətini qoruya bilməyib. Nəticədə iki boyun fəqərəsi sınıb, ağciyərləri əzilib. Həkimlər qızın sağ qaldığına hələ də təəccüblənirlər.
10 gün komada qalan Ülkər həyata bağlanmağı bacarıb. İndi aldığı ağır travmalarla baş-başa həyatına davam edir.
Dəfələrlər əməliyyat olunub, 2 ay xəstəxana şəraitində müalicə alıb. Amma yenə də yeriyə bilmir. Əlil arabasına və yatağa məhkum olub.
Medicina.az xəbər verir ki, pasiyentin anası Reyhan xanım o gündən bəri qızının ayağa qalxması, ağrılarının azalması, hərəkətlərinin az da olsa, bərpa olması üçün həkimləri, xəstəxanaları, reabilitasiya mərkəzlərini gəzir. Balasının normal həyatına dönə bilməsi üçün çarpışıb, vururşur. Amma indi gücü tükənmək üzrədir. Bunun üçün də hər kəsdən yardım istəyir:
“Ülkər çox incə, həssas, gözəl qızdı. Çox dözümlüdü, mərddi. Aylardı ağrıdan qıvrılır. Həkimlərin etdiyi prosedurlar zamanı, hətta gəzməyə çalışanda belə ağrıdan qışqırır. Dözülməz ağrılardı. 2 ildi evimdə, əlimdə, yaxınlarımda nə qədər imkan var idi, hamısını xərclədim.
Reabilitasiya prosedurları hər ay, hər gün olmalıdır. Bircə ay fasilə versək, yenidən ağrılar və geriləmə başlayır. Qızımın əlləri biləkdən açılmır, eyni vəziyyətdə qalır.
Türkiyədəki həkimlərlə, klinikalarla məsləhətləşmişəm. Bir-iki klinika Ülkəri ayağa qaldırmağa söz verir, amma orada müalicə çox bahadır. Bir ay üçün 8-9 min dollar lazımdı. Müalicə üçünsə 1 ildən çox zamana ehtiyac var.
Mənim isə heç nəyim qalmayıb. Heç Bakıdakı müalicəni davam etdirməyə gücüm çatmır. Nəyi sata bilərdiksə, satdıq. Bir neçə dəfə saytlara, qruplara müraciət etdik. Az da olsa, xeyirxah insanların sayəsində bir qədər pul yığıldı. O pulla Ülkəri Bakı Sağlamlıq Mərkəzinə yerləşdirdik. Burda aylarla reabilitasiya keçməlidir. Pul isə 10 günlük müalicəyə yetəcək, sonra yenə evə gedib, yatağa məhkum olacaq.
Qızım çox qorxur, ağrılardan, gələcəyindən… O, həm fiziki baxımdan, həm də ruhən çox yorulub. Onun çarəsizliyini görəndə ürəyim partlayır. Düzə bilmirəm artıq buna.
Amma Ülkər müalicə zamanı çox aktivdir, həkimin dediklərini edir, çalışır ki, heç nə boşa çıxmasın. Elə ki, müalicə üçün pul yığılır, ümidlənir, sevinir, evdə qalanda isə qorxur”.
Həkimlərin sözlərinə görə, Ülkərin sağalma şansı yüksəkdir. Təbii müalicələr fasiləsiz olarsa.
Bir də Türkiyədə müalicə üçün lazım olan vəsait tapılarsa, heç olmasa, bir neçə ay orda reabilitasiya proseslərindən keçər.
Ananın sözlərinə görə, gimnastika, məşqlər, müxtəlif fizioterapiya kursları Ülkərin sağlamlığına hiss ediləcək dərəcədə müsbət təsir edir:
“Hazırda Ülkərə yapon preparatı olan Laynek kursu almağı tövsiyə edirlər. Türkiyədə də ondan istifadə olunur. Amma 10 ampulu 300 manatdır. Mənim isə heç 30 manatım yoxdu. Bu qiymət Türkiyəyə baxdıqda xeyli ucuzdu.
Gecə-gündüz dua edirəm. Qızım üçün təklif olunan bu dərmanlar, prosedurlar üçün pul tapa bilim deyə, Allaha yalvarıram. İnsanlarımızdan kömək gözləyirəm..
Xalqımdan, kimin imkanı nəyə çatır, yardım etmələrini xahiş edirəm. Bir ana kimi yalvarıram, qızıma kömək edin. Məni onun, onu mənim yanımda başıaşağı etməyin.
Bir möcüzə gözləyirik, bəlkə kimsə Türkiyədə o bahalı klinikada müalicəni bütünlüklə ödəyə. Bəlkə o məbləği ödəyəcək gücdə olan bir insan qarşımıza çıxa. Amma indi kimin nəyə gücü çatır, manat-manat olsa da, insanlarımızdan Ülkərə yardım etmələrini xahiş edirəm. Biz bu məbləğlərlə həmin iynələri ala, Bakıdakı reabilitasiyanı davam etdirə bilərik”.
www.yenicag.az