!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəşəri dəyərə çevrilən TOLERANTLIQ: Azərbaycanda milli-dini dözümlülük dünya üçün örnəkdir - TƏHLİL

!Reklam – Yazi

Müasir dövrdə tolerantlıq artıq sadəcə, müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib.

Araşdırmalara görə, tolerantlıq iqtisadi inkişafa üç yolla təsir edə bilər.

Birincisi, tolerant münasibətin birbaşa yönəldiyi şəxs və ya qruplardan başqa digər qruplara təsir göstərməklədir.

İkincisi, azlığa qarşı tolerant münasibətin həmin qrupun fəaliyyətinin məhsuldarlığına və innovativ potensialına müsbət təsir göstərməklə və üçüncüsü, yeni ideya və dəyərləri yaymaqla mümkündür.

Digər bir araşdırmada iqtisadi artım və inkişafın təbii sərvətlər, texnoloji innovasiya və insan kapitalı kimi elementlərlə bağlılığı ilə yanaşı, mədəni müxtəliflik faktoru ilə əlaqəli olduğu fikri də irəli sürülür. Bu isə o deməkdir ki, müasir anlamda tolerantlıq daha çoxşaxəli mahiyyət kəsb edir. Qloballaşma və inteqrasiya prosesinin sürətlənməsi nəticəsində dünyanın geosiyasi arenasında ciddi dəyişikliklər baş verir. Belə bir şəraitdə ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi olduqca vacibdir.

Azərbaycanda tolerantlıq əsasən həyat tərzi və xalqın özünüifadə vasitəsidir. Belə ki, ölkədə tolerantlıq daha da möhkəmlənən, bütünlükdə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir. Azərbaycanda müstəqilliyin bərpasından sonra Ulu öndər Heydər Əliyev ölkəmizdə yaşayan çoxsaylı etnik qruplara və azsaylı xalqlara xüsusi diqqət göstərib. Bunun bariz nümunəsidir ki, “Yəhudilər Azərbaycanda” kitabı hazırlanıb, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, yəhudi millətindən olan tanınmış şəxslərin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanıb.

Ölkədə dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunmuş təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. Yunan pravoslav kilsəsinin İstanbul patriarxı I Varfolomey 2003-cü ilin aprel ayında Azərbaycana iki günlük səfəri zamanı əminliklə qeyd edib ki, burada dinindən, dilindən, millətindən aslı olmayaraq bütün insanların bir-biri ilə ünsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir: “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.

Belə bir mühitdə ölkədə milli azlıqların etnik-mədəni dəyərləri daim qorunur, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanın bu sahədə dünyaya örnək ola biləcək uğurlarını ölkəmizdə din-dövlət münasibətlərinin düzgün qurulması şərtləndirir. Tolerantlıq ölkədə dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayırlar. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması mümkün deyil.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev də mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyacı, problemləri ilə yaxından maraqlanır. Bu fonda prezident İlham Əliyev bildirib ki, “Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq, əminəm ki, başqa yerlərdə də öyrənilə bilər”.

Milli-mənəvi dəyərlərin qorunması və tarixi dini abidələrin bərpası prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi “Tolerantlığın ünvanıAzərbaycan” layihəsi çərçivəsində də çoxsaylı mühüm tədbirlər gerçəkləşdirilməkdədir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa öz töhfələrini verir. Fondun yuxarıda qeyd olunan layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir.

Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombanın bərpasında əhəmiyyətli işlərə imza atıb. Müqəddəs Marçellinio və Pyotr katakombaları xristian aləmi üçün ən mühüm, ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu.

Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də “Azərbaycan – tolerantlığın ünvanı” layihəsi çərçivəsində reallaşdırılıb. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn əcnəbilər buradakı ab-havadan, duyduqları diqqətdən razılıq edirlər. Çünki ölkədə keçirilən tədbirlərin əksəriyyətinin mövzusu tolerantlıqla, millətlərarası dostluqla bağlıdır. Bakının ev sahibliyi etdiyi dini və milli tolerantlıq-millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusunda keçirilən tədbirlərdə dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar, jurnalistlər və ekspertlər Azərbaycandakı tolerantlıq ənənələrinin, azad, bərabər və birgə yaşayışın yüksək səviyyədə inkişaf etdiyini bildirirlər.

Təsadüfi deyil ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Unutmaq olmaz ki, xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir. Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində, təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir.

Hazırda Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələrin, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlayıb. Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv