Beynəlxalq Sülh Günü qeyd olunur
Bu gün dünyada Beynəlxalq Sülh Günü qeyd olunur.
BMT Baş Assambleyası bu günü 1981-ci ildə təsis edib. Beynəlxalq Sülh Günü hər il sentyabrın üçüncü çərşənbə axşamı günü qeyd olunur və BMT Baş Assambleyasının Nyu-York şəhərində müntəzəm olaraq keçirilən sessiyasının açılışına təsadüf edir. Lakin Baş Assambleyanın 2001-ci il sentyabrın 7-də qəbul olunmuş 55/282 saylı Qətnaməsinə əsasən, 2002-ci ildən etibarən Sülh Gününü hər il sentyabrın 21-də qeyd olunması qərara alınıb.
BMT Beynəlxalq Sülh Günü dünyanı bir anlıq dayanıb münaqişələrin yaratdığı qəddar zorakılıq zəncirini qırmaq yolları haqqında düşünməyə çağırır. Həmçinin dünyanın hər yerində müharibə edən tərəfləri silahları yerə qoymağa və sülhün əldə olunması üçün birgə səylər göstərməyə səsləyir. (salamnews.az)