Biləsuvar rayonunda bir çox kəndlər işiqsız qalıb.
Yenicag.az xəbər verir ki, elektrik enerjisindən ən çox əziyyət çəkən kəndlər- Günəşli, Ağayri və İsmətlidir.
Sakinlərin əməkdaşımızla söhbətindən məlum olub ki, elektrik enerjisi günün müxtəlif saatlarında heç bir xəbərdarlıq olunmadan dayandırılır. Nəticədə, sakinlərin əksəriyyətinin elektrik və məişət avadanlıqları sıradan çıxıb. İsmətli kənd sakini Nurlan Mirəli vəziyyətin dözülməz olduğunu deyir. O da iddia olunur ki, kəndlərə verilən elektrik enerjisi rayondakı istixanalara satılır.
Maraqlısı odur ki, bu cür hallar yayda yox, istixanaların fəaliyyətə başladığı payız aylarında baş verir. İcra nümayəndələrinin qəzəbindən ehtiyatlanan sakinlər də şikayət etməkdən çəkinirlər.
Kənd sakini Səkinə xanımın sözlərinə görə, Biləsuvar bir vaxtlar ən gözəl, firəvan rayonlardan olsa da, indi buranın sakinləri çox əziyyət çəkirlər:
“Şikayətimizi kimə deyək, kimə yalvaraq? Allah özü bunların ürəyinə insaf salsın”, deyən ağbirçək çıxılmaz vəziyyətdədir.
Biləsuvar enerji paylayıcı idarəsinin rəisi Məhəmmədəli Məmmədovdan məsələ ilə bağlı münasibət öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Azərenerji ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bu vəziyyətin gülünc olduğunu, ən ucqar kəndlərdə belə elektrik enerjisi ilə bağlı problemin həll edildiyini bildirdi.
Onun sözlərinə görə, əgər hansısa abonentin borcu varsa, yalnız həmin şəxsin elektrik enerjisi dayandırıla bilər. Borclu abonentlərə isə noyabrın 15-ə qədər vaxt verilib. Tanrıverdi Mustafayev məsələnin araşdırılacağını bildirdi.
Nihat Cəbrayıl
www.yenicag.az