“Borçalı” Cəmiyyətində nə baş verir?
Kamran Ramazanlı: “Cəmiyyətin sədri Gürcüstan azərbaycanlıların problemi ilə deyil, başqa işlərlə məşğuldur ”
Zəlimxan Məmmədli: “Təşkilat öz işilə məşğuldur”
Zəlimxan Məmmədlinin rəhbərlik etdiyi “Borçalı” Cəmiyyəti ilə bağlı ziddiyyətli açıqlamalar səslənməkdədir. Xüsusilə, Kamran Ramazanlı başda olmaqla cəmiyyətin bir qrup üzvü Z. Məmmədlini məqsədəuyğun olmayan fəaliyyət göstərməkdə ittiham edir.
Bu barədə Yenicag.az saytına açıqlama verən K. Ramazanlı Z. Məmmədlini nizamnaməyə zidd fəaliyyətdə suçladı: “Borçalı” cəmiyyətində qarşıdurma əslində bu cəmiyyətin özü ilə bağlı deyil. Sadəcə olaraq, cəmiyyətin sədri Zəlimxan Məmmədlinin məqsədəuyğun olmayan fəaliyyəti bizi qane etmir. Cəmiyyət daxilində isə hər hansı qarşıdurmanın olduğunu bilmirəm. Çünki, cəmiyyətin sıraları artıq tamamilə seyrəkləşib. Orada tək-tək adamlar qalıb. Əsas ziyalı kütlə oranı tərk edib. Əslən Borçalıdan olduğumdan cəmiyyət rəhbərinin məqsədəuyğun olmayan və nizamnamə, məramnaməyə zidd fəaliyyəti təbii ki, buna etirazımı bildirməyə məni vadar edib. Cəmiyyətin nizamnaməsində əks olunub ki, beynəlxalq hüquq müstəvisində Gürcüstanda yaşayan soydaşlarımızın torpaq, təhsil, toponimka və məscidlərlə bağlı problemlərin həlli istiqamətində addımlar atmalıdır. Amma cəmiyyət rəhbərliyi başqa işlərlə, ancaq bədii-mədəni tədbirlər keçirməklə məşğuldur. Soydaşlarımızın təhsili sahəsində ciddi problemlər var, amma cəmiyyətin bu istiqamətdə hansısa iş gördüyünü görməmişəm. Soydaşlarımızın kompakt yaşadığı bölgələrdə bələdiyyə və icra başçısı seçkiləri keçirildi və biabırçı nəticələr oldu. Amma cəmiyyət bununla bağlı hər hansı iş görmədi, mövqe sərgiləməyərək, sədr susmağa üstünlük verdi. Marneuli rayonu əhalisinin 85 faizi azərbaycanlı olduğu halda, icra başçısı gürcü oldu. 33 nəfər bələdiyyə üzvündən cəmi 15-i azərbaycanlıdır. “Borçalı” cəmiyyətinin sədri isə bu məsələlərə hər hansı bir reaksiya bildirmədi”.
Məsələ ilə bağlı “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə bu fikri söylədi: “Mən bu kimi şəxslərin qeyri-ciddi fikirlərinə münasibət bildirmək istəmirəm. Təşkilat öz işilə məşğuldur”.
Rüfət