!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Boykot tərəfdarları İlqar Məmmədovun adından istifadə edirlər...” – ReAl təmsilçisi

!Reklam – Yazi

“Azərbaycanda seçkilərin boykot edilməsi sadəcə, yaxasını kənara çəkməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini boykota çağıranların öz mövqelərini ReAl hərəkatının rəhbəri İlqar Məmmədovun həbsdə olması ilə “arqument”ləşdirmələrinə münasibət bildirən bu qurumun icra katibi Natiq Cəfərli deyib.

Prezident İlham Əliyevin aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin etməsindən sonra bu siyasi kampaniya ölkə gündəminin əsas mövzusuna çevrilib.

Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) da daxil olmaqla, bir sıra partiyalar, əsasən də müxalifət təşkilatları seçkidə iştirak qərarı verərək, prezidentliyə namizədlərini irəli sürüblər.

Bununla belə, əks düşərgə daxilində boykot çağırışları da eşidilməkdədir. Gözlənildiyi kimi Xalq Cəbhəsi Partiyası (AXCP) və onun nəzarətində olan Milli Şura növbədənkənar prezident seçkilərinə qatılmayacağını bəyan edib.

Boykot tərəfdarları özlərinin məlum “arqument”lərinə bu dəfə daha bir detal əlavə ediblər. Onlar seçkilərə qatılmamağı şərtləndirən amillər sırasında ReAl hərəkatının rəhbəri İlqar Məmmədovun həbsdə olmasını qabartmağa başlayıblar.

Ancaq bu “səbəb” AXCP ilə Milli Şuranın 2013-cü ildə keçirilmiş prezident seçkilərindəki iştirakını xatırladır: İlqar Məmmədov 5 il əvvəl keçirilmiş prezident seçkiləri ərəfəsində həbsdə olsa da, bu məqam indiki “boykotçular”ın seçkilərə qatılmalarına mane olmamışdı. İndi isə “İlqar həbsdə olduğu üçün seçkilərə qatılmaq düzgün deyil” kimi fikirlər səsləndirirlər.

Bu barədə Yenicag.az-a danışan ReAl hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, seçkilərin boykot edilməsi məqbul yol deyil və mənsub olduğu qurum bütün səviyyəli seçkilərdə iştirakın tərəfdarıdır:

“Bu məsələdə nəzərə alınmalı olan ciddi nüans var. Qeyd olunmalıdır ki, 2013-cü ildə İlqar Məmmədov həbs olunsa da, məhkum edilməmişdi, barəsində məhkəmə qərarı yox idi. Azərbaycan qanunvericiliyinə əsasən, məhkumluğu olmayan, barəsində məhkəmə hökmü çıxarılmayan şəxslər bütün səviyyəli seçkilərdə namizəd ola bilərlər.

Ancaq dövrdən fərqli olaraq və Avropa İnsan Haqları Məhkəməsinin iki qərarına baxmayaraq, İlqar Məmmədov hazırda məhkum statusundadır. Belə bir vəziyyətdə onun seçkilərə qatılması, namizədliyini irəli sürməsi mümkün deyil.

Bizdə dəqiq məlumat var ki, Azərbaycan hökuməti İlqarın məsələsinə dair Avropa Şurası Nazirlər Komitəsi ilə danışıqlar aparır. Əgər İlqar Məmmədov seçkilərə qədər azadlığa buraxılarsa – mən bunu mümkün sayıram – onun seçkilərə qatılmasında problem olmayacaq, ReAl hərəkatı da məmnuniyyətlə kampaniyada iştirak edəcək.

Ümumiyyətlə, bizim hərəkatın mövqeyi bundan ibarətdir ki, bütün seçkilərdə iştirak etmək vacibdir. Yəni siyasi təşkilatlar seçkilərə mütləq qatılmalıdırlar, indiki şəraitdə boykotun heç bir effekti yoxdur. Açıq deyək ki, Azərbaycanda aktiv boykotun təşkil edilməsi imkanı mövcud deyil. Azərbaycanda boykot, sadəcə, yaxasını kənara çəkməkdir. Bu da ki ən asan yoldur”.

Cəfərlinin fikrincə, boykot tərəfdarlarının bu məsələdə İlqar Məmmədovun adından istifadə etmələri anlaşılan siyasi gedişdir:

“Başqa təşkilatların boykot üçün hansı motivlərinin olduğunu deyə bilmərəm – özləri daha yaxşı izah edə bilərlər. Ancaq İlqar Məmmədovun adı keçən xəbərlərin maraq doğurduğunu nəzərə alsaq, ola bilər ki, boykot tərəfdarları onun adından istifadə etsinlər. Bunu siyasi gediş kimi başa düşmək olar. Ancaq yenə deyirəm, biz ReAl olaraq, bütün seçkilərdə iştirakın tərəfdarıyıq”.

A. Zeynalov

COP29

www.yenicag.az

2896
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv