Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Yenicag.az xəbər verir ki, ölkəmizə gələnlərin 33,0 faizi Rusiya Federasiyası, 27,9 faizi Türkiyə, 16,2 faizi İran, 10,6 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, 0,6 faizi Türkmənistan, hər birindən 0,5 faiz olmaqla İtaliya və Almaniya, 4,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 93,4 faizini kişilər, 6,6 faizini qadınlar təşkil eedib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan – 8,9 dəfə, Qazaxıstandan – 7,7 dəfə, Özbəkistandan – 5,2 dəfə, Rusiya Federasiyasından – 4,1 dəfə, Ukraynadan – 3,7 dəfə, Böyük Britaniyadan – 3,6 dəfə, Belarusdan – 2,1 dəfə, Türkiyədən – 1,9 dəfə, İrandan – 1,6 dəfə azalıb.
2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 19,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 45,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,5 dəfə azalaraq 4,3 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,9 faizi dəmir yolu və avtomobil, 25,8 faizi hava, 3,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
www.yenicag.az