Erkən rezervasiya, yoxsa “son dəqiqə” turları? – Ekspert rəyi
Yay mövsümü yaxınlaşdıqca turizm bazarında canlanma müşahidə olunur. İstirahət planlarını əvvəlcədən quranlarla son ana saxlayanlar arasında həm qiymət, həm də seçim baxımından ciddi fərqlər yaranır.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, yay turlarının planlaşdırılmasına turizm şirkətləri üçün ən azı 4–6 ay, fərdi səyahətçilər üçün isə 2–3 ay əvvəl başlanması daha məqsədəuyğundur. Onun sözlərinə görə ailəvi istirahət, xarici səfərlər, populyar kurort istiqamətləri və bayram günləri üçün bu müddət daha da erkən olmalıdır:
“Erkən rezervasiyanın əsas üstünlüyü yalnız qiymət deyil, həm də seçim azadlığıdır. Səyahətçi daha uyğun uçuş saatı, daha yaxşı hotel, otaq tipi, transfer və əlavə xidmətləri rahatlıqla seçə bilir. Qiymət baxımından da erkən rezervasiya çox vaxt daha sərfəli olur. Çünki yüksək mövsüm yaxınlaşdıqca tələb artır; bu isə həm aviabiletlərin, həm də hotellərin qiymətini yüksəldir. Təcrübə göstərir ki, erkən bronlama daha geniş seçim və effektiv planlaşdırma imkanı yaradır. İstehlakçıların hüquqlarını müdafiə edən qurumlar isə bron zamanı şərtlərin, ləğv qaydalarının və sığortanın diqqətlə yoxlanılmasını tövsiyə edir”.
Ekspert qeyd edib ki, son anda planlaşdırılan səfərlər bəzi hallarda daha ucuz görünsə də, bu zaman risklər artır:
“Yaxşı hotellər artıq dolur, uçuş saatları əlverişsiz olur, ailə və qruplar üçün uyğun yerlər azalır, xidmət keyfiyyəti üzrə seçim imkanı məhdudlaşır. Yəni “son dəqiqə” səfəri ucuz ola bilsə də, hər zaman səmərəli olmur”.
Samir Dübəndi turistlərin ən çox yol verdiyi səhvlərə də toxunub. Onun sözlərinə görə, yalnız qiymətə fokuslanmaq, hotelin yerləşməsini araşdırmamaq, ləğv və geri qaytarma şərtlərini oxumamaq, sığortadan imtina etmək, qeyri-rəsmi səhifələr vasitəsilə ödəniş etmək və əlavə xərcləri əvvəlcədən hesablamamaq ciddi problemlərə yol aça bilər.
“Paket tur və ya kompleks səyahət xidmətləri alarkən müqavilə detalları, qiymət dəyişikliyi, ləğv və kompensasiya şərtləri xüsusilə yoxlanılmalıdır. Daha təhlükəsiz və büdcəyə uyğun istirahət üçün turistlər əvvəlcə büdcəni müəyyən etməli, sonra istiqamət, tarix, hotel kateqoriyası və nəqliyyat seçimini həmin büdcəyə uyğunlaşdırmalıdırlar. Ən doğru yanaşma “əvvəl ucuz qiymət, sonra istirahət” deyil, “əvvəl ehtiyac, sonra düzgün paket” prinsipidir. Yay mövsümündə tələbat yüksək olur; kim əvvəl planlaşdırırsa, o, daha çox seçim və daha az risk əldə edir”, – deyə o vurğulayıb.
Samir Məcidov













