“Bu məsələdə türk dövlətləri birgə hərəkət etmir”
Tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli verdiyi açıqlamada qondarma erməni soyqırımının təbliği ilə bağlı Vaşinqtonda həyata keçirilməsi planlaşdırılan addımlarla bağlı maraqlı fikirlər səsləndirib:
“Ermənilər uydurduqları soyqırım nağılı ilə bağlı fəaliyyətlərini davam etdirirlər. Təbii olaraq bu nağıldan Türkiyə əleyhinə istifadə olunur. Bir şeyi xatırladım ki, Madlen Olbrayt Amerika dövlət katibi olarkən mərhum Heydər Əliyev iqtidardaydı və Olbrayt H. Əliyevə belə bir məktub göndərmişdi ki, Amerikada ermənilər çox güclüdür. Siz ermənilərlə anlaşın, onlara güzət edin – yəni Qarabağı onlara verin. Mərhum H.Əliyev belə bir cavab vermişdi ki, mən xalqa nə cavab verərəm? Xalq və müxalifət bunu qəbul etməz. Olbrayt cavabında demişdi ki, sən razı ol, gerisini biz həll edərik. O zaman mərhum liderimiz Ə.Elçibəy bir mətbuat konfransı keçirdi və Olbrayta müraciət edərək dedi ki, əgər doğrudan da Amerikada ermənilər belə güclüdürsə, o zaman biz niyə Amerika dövləti ilə muhatab oluruq ki? Elə gedib birbaşa ermənilərlə oturub bu məsələləri danışarıq. Ondan sonra bu məsələ təxirə salındı”.
A.Səmədbəylinin bildirdiyinə görə, Azərbaycanın bu məsələdə Türkiyəyə dəstək olması zəruridir və bu, hər şeydən əvvəl Türkiyə qarşısında bir vicdan, bir vəfa borcu demək olar:
“Türkiyə bu məsələ ilə bağlı yalançı soyqırım nağılına qarşı ciddi hazırlıq görür. Azərbaycanın da bu məsələdə ən az Türkiyə qədər mübarizə aparması lazımdır. Ən azından ona görə ki, Türkiyə Qarabağın işğaldan azad edilməsi üçün ən az Azərbaycan qədər çalışır. Son dövrlər Rusiyanın Azərbaycana təzyiqləri çox artıb, əgər Türkiyə olmasaydı Rusiya yenidən Azərbaycanı işğal etmişdi. Bu sadəcə təxmin deyil, ciddi məlumatlardır”.
A.Səmədbəylinin bildirdiyinə görə, Azərbaycan Türkiyə ilə həmrəyliyini əməli baxımdan isbatlamalı, sözü ilə əməli arasında heç bir fərq olmadığını təsdiqləməlidir:
“Biz bir millət olduğumuzu bu tipli məsələlərdə əməllə isbat etməliyik. Təəssüf ki, bizim iqtidar milli həssasiyyətdən yoxsul olduğu üçün Türkiyə çox zaman meydanda tək qalır. Əslində ermənilər bizim millətə qarşı soyqırım siyasəti həyata keçiriblər. Ən son Xocalıda yaşananlar birbaşa soyqırımdır – bunu hətta erməni tərəfdarı olan Saxarov adına fond da etiraf etmək məcburiyyətində qalmışdır. Özbəkistanın özündə elə 30 mindən çox insanı erməni quldur dəstələri məhv etmişlər. Heyf ki, bu məsələdə türk dövlətləri birgə hərəkət etmir”.