Bu günlərdə Azərbaycanın bir sıra ölkələrdəki səfirləri geri çağırıldı. Onlardan biri də keçmiş xarici işlər naziri, nüfuzlu diplomat, Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov idi. Bu, həmin Zülfüqarovdur ki, vaxtilə Qarabağ danışıqlarının kritik mərhələsində vəzifəsindən istefa vermişdi və nazir vəzifəsindən könüllü istefa verən ilk adam kimi Azərbaycanın yeni tarixinə adını yazdırmışdı.
T.Zülfüqarov nazir vəzifəsindən istefa versə də prezident İlham Əliyev hakimiyyətə gələndən sonra bu peşəkar diplomatın potensialından istifadə etmək üçün onu səfir təyin etdi. O vaxtdan bəri T.Zülfüqarov Azərbaycanı Baltik ölkələrində təmsil edirdi.
2005-ci ildə “üsyançı nazirin” səfir vəzifəsinə təyin edilməsi gözlənilməz hadisə kimi qarşılanmışdı. İndi isə T.Zülfüqarovun Latviyadakı səfir vəzifəsindən geri çağırılması və yeni diplomatik vəzifəyə təyinat almaması ictimaiyyətdə təəcüblə qarşılandı.
Haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev keçmiş nazir və keçmiş səfirlə söhbətində bir sıra nüanslara aydınlıq gətirib.
-2005-ci ildə Sizi gözlənilmədən Latviya və Estoniyada səfir təyin etdilər. Bu, gözlənilməz idi, çünki siz müstəqil ictimai-siyasi xadim idiniz. Hərdən tənqid də edirdiniz. Bu təyinatdan sonra mətbuat üçün qapalı oldunuz, təyinatınızı heç cür şərh etmədiniz. İndi 10 il sonra bəlkə açıqlayasınız-niyə sizi səfir təyin etdilər?
-Yaxşı sualdır, əgər həyatımızda baş verən bütün hadisələrə cavabımız olsaydı. Mən ancaq təxmin edə bilərdim. Belə görünür ki, prezident insan kapitalından istifadəyə dair geniş yayılmış beynəlxalq praktikadan istifadə etdi, öz dövlətinə fayda verə biləcək keçmiş dövlət qulluqçularından yararlanmaq istədi.
Digər tərəfdən, siz mənim xarici və beynəlxalq siyasətə dair müstəqil qiymətləndirmələrlə çıxış edən ekspert statusumu da düzgün qeyd etdiniz. Təyinatımdan sonra baş tutan görüşümüzdə cənab prezident mənim işimin bu hissəsini xüsusi qeyd etmişdi.
Mən bir çox beynəlxalq ondların layihələrində iştirak etmişən, o cümlədən Amerika və Rusiya fondlarının. Onlar danışıqlar prosesinin təkmilləşdirilməsinə dair modellərin işlənib-hazırlanması ilə məşğul olurdu.
Bir dəfə məni erməni diasporu Miçiqan universitetinə dəvət etmişdi. Orada keçirilən konfransda mən Qarabağ münaqişəsinin nizamlanması kontekstində Ermənistanın xarici siyasətinə dair öz analizimi təqdim etdim. Bu, öz növbəsində həm də Azərbaycanın baxışı idi. Mənə yüksək etimad göstərdiyinə görə cənab prezidentə çox minnətdaram.
-Bu, prezidentin şəxsi qərarı idi, yoxsa kiminsə tövsiyəsi?
-Əlbətdə, prezidentin özünün qərarı idi. Hərçənd, ola bilsin o başqalarının da mövqeyini dinləmişdi.
-Azərbaycanda bir sıra “problemli adamlar” var ki, hakimiyyət onları səfir göndərib ölkədən uzaqlaşdırır. Siz özünüzü bu kateqoriyaya aid edirdiniz, yoxsa burada diplomatik təcrübənizin rolu olmuşdu?
– Mən, KİV-lərdə tez-tez çıxış edirdim, ancaq xarici siyasətə dair qiymətləndirmələrlə. Bütün fəaliyyətim ölkənin milli maraqları ilə uzlaşmışdı. Görünür, bu amil dəyərləndirildi. Fikrimcə, əgər insanın dəqiq vətəndaş mövqeyi varsa və milli maraqlardan çıxış edirsə onu gec-tez qiymətləndirəcəklər.
– Bəs, niyə sizi məhz Latviyaya göndərdilər?
– Prezident məni Baltik ölkələrinə göndərəndə açıq dedi ki, bu ölkələr Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Bunlar o qədər də böyük olmayan, ancaq vacib ölkələrdir. Prezidenti həmin ölkələrin keçid dövrü təcrübəsi maraqlandırırdı. Yaddan çıxarmayaq ki, həmin vaxtlar Azərbaycanda böyük islahatların başlandığı dövr idi. Ona görə də mən səfir kimi xidməti yazışmalarımda həmin ölkələrin Azərbaycanda da tətbiq oluna biləcək islahat təcrübəsinə böyük diqqət ayırırdım.
Bundan əlavə həmin ölkələrin rəhbərləri və diplomatları postsovet məkanını Avropa İttifaqına üzv Qərb ölkələrindən daha yaxşı tanıyırdılar. Və biz bu amildən beynəlxalq təşkilatlardakı fəaliyyətimiz zamanı istifadə edirdik.
– Sizin adınız daha çox Qarabağ problemi ilə bağlıdır. Çünki xarici işlər naziri postundan səs-küylü istefanız yaddan çıxmayıb. Uzun müddət danışıqlarda iştirak etmişiniz, problemə yaxından bələdsiniz. Son 10 ildə aparılan danışıqlarda nə baş verib? Sizdə hansısa yeni informasiya varmı? Sizin danışıqlar apardığınız vaxtdan bu yana nə dəyişib?
– Təəssüf ki, danışıqlar barədə informasiyalar çox məhduddur. Və mənə elə gəlir ki, ictimaiyyət hansısa nüanslar barədə daha çox bilsə yaxşı olar. Təsəvvür edin ki, mən danışıqlar barədə informasiyanı öz Xarici İşlər Nazirliyimizdən deyil, hansısa qərb diplomatlarından alırdım.
Bəziləri etimad göstərib informasiyaları bölüşürdülər. Mən bu və ya digər formada danışıqlar prosesinə cəlb edilmiş insanlarla görüşmüşəm. Merzlyakovla (rusiyalı həmsədr), Anjey Kasprşiklə, digər diplomatlarla. Biz səfirlərlə uzun qış gecələrində görüşəndə söhbət istər-istəməz Qarabağdan da düşürdü.
-XİN-dən heç bir informasiya yoxdur?
– Rəsmi qəzetlərdə yayılan informasiyalardan başqa heç nə. Mən hesab edirəm ki, bu düzgün deyil.
-Yəni siz danışıqların detallarına bələd deyilsiniz deyə, situasiyanı obyektiv dəyərləndirə bilməzsiniz, elə deyilmi?
– Təkrar edirəm, mənim informasiyam var. Ancaq Azərbaycandan alınmış informasiya deyil.
– Bəs, qərb diplomatlarından alınmış informasiyalardan çıxış etsək?
– Madrid prinsiplərinin irəli sürülməsindən sonra danışıqlarda heç nə baş vermir. Lakin əsas məsələ bu prinsiplərin həyata keçirilməsi texnologiyasındadır. Axı hər prinsipin arxasında konsepsiya və ciddi mətn dayanmalıdır, onlar həmin prinsiplərin həyata keçirilməsi detallarını açmalıdır.
Məsələn, bir neçə rayonun azad edilməsi. Bunun baş verməsi üçün sülhün dəstəklənməsi əməliyyatı işlənib hazırlanmalıdır. Həmin əməliyyatın həyata keçirilməsi konsepsiyası 400 səhifədən ibarətdir! İndi təsəvvür edin, tərəflər prinsipləri qəbul edəndən sonra hansı həcmdə sənədlər işlənib hazırlanmalıdır. Hazırda biz hərtərəfli sülh haqda deyil, böyük siyasi razılaşmanın imzalanması haqda danışırıq.
Ona görə də prezidentlərin görüşü hansısa nəticə verə bilməz. Tutaq ki, təzyiq nəticəsində Ermənistan prezidenti hansısa prinsipi qəbul edir. Lakin o daha sonra öz diplomatlarına tapşırır ki, prinsipin həyata keçirilməsi mexanizminə dair danışıqları pozsun. Yəni prinsiplərin özünün qəbul edilməsi hərtərəfli sülhün əldə edilməsinə gətirib çıxara bilməz. Hərtərəfli sülh planının qəbul edilməsinə isə illərlə vaxt lazımdır.
– O zaman sual yaranır: bu danışıqları aparmaq nəyə lazımdır?
– Danışıqlarda ən real və optimist yanaşma hansısa ərazilərin qaytarılmasından sonra Qarabağın müvəqqəti statusunun qəbul edilməsi modelidir. Əgər bu baş versə irəliləyişdən danışmaq olar. Lakin bunun üçün Ermənistan elə vəziyyətə düşməlidir ki, indiki status-kvodan da betər vəziyyətə düşə biləcəyini dərk etsin. Ermənistanı eyforiya vəziyyətindən çıxarmaq lazımdır. Bu danışıqların yeganə faydası odur ki, tərəflər hadisələrin daha betər ssenaridə inkişafından qaça bilirlər. Bu, atəşkəs barədə kövrək razılaşmadır.
– Yəni, biz əslində heç nə əldə etmirik?
– Heç də belə deyil. Mən istəmirəm ki, sözlərin Azərbaycan hökumətinin situasiyanı dəyişmək arzusunun olmaması kimi yozulsun. Axı siyasi nizamlama nə deməkdir? Bu, tərəflərin razılaşması və sülh iradəsi deməkdir. Ancaq siz bunu istəməyən adamı məcbur edə bilməzsiniz, elə deyilmi? Ermənistan rəhbəri səmimi qəlbdən hesab edirsə ki, müharibənin qalibi odur və o, hansısa “tarixi torpaqları” azad edib, ona nə deyəsən?
-Uzun müddət danışıqlar prosesində iştirak etmişiniz. Yenidən bu işə qayıtmaq istərdiniz?
-Bunu istəyirəm ya yox, başqa məsələdir. Əvvəl prosesin özü olmalıdır. Ona görə də bu sualı erkən hesab edirəm. Digər tərəfdən burada mənim istəyim sonuncu rol oynayır. Əgər Azərbaycan prezidenti belə qərar qəbul edirsə, deməli, mən danışıqlara qayıtmalıyam. Hələlik isə mən bağımda üzümləri budamaqla məşğulam.
– Bəs Sizi, təcrübəli diplomatı səfir vəzifəsindən niyə geri çağırıblar ki, indi üzüm budayırsınız? Sizin timaslınızda XİN səfirlərin rotasiyası prinsipini pozdu. Nə baş verir?
– Birincisi, mənim səfir müddətim başa çatdı. Bizdə onsuz da müddətdən artıq qalıb işləyirlər. Dünyada çox nadir halda olar ki, səfir bir ölkədə 5 ildən artıq işləsin. Ona görə də indiki halda XİN bizim daxili təlimatın bütün bəndlərinə əməl edib.
-Ancaq elə səfirlərimiz var ki, on illərdir işləyir. Onları heç kim geri qaytarmır…
-Məsələn kim?
-Eldar Həsənov. 2001-ci ildən səfirdir. Həsən Həsənov 2003-cü ildən. Tamerlan Qarayevi demirik. O qədər uzun müddətdir səfirdir ki, artıq hamının yadından çıxıb…
-Bu, artıq prezidentin qərarıdır, şərh edə bilmərəm.
– Siz Bakıya prezidentin qərarı, yoxsa XİN-in iradəsi ilə qayıtmısnız?
– Azərbaycan XİN-in daxili təlimatının tələbləri əsasında.
– Bəs, sonra nə işlə məşğul olacaqsınız?
– Cəmi 2 həftə əvvəl qayıtmışam, hələ bilmirəm. Məşğul olmağa bir iş taparıq.
– Hakim elitadan kimlərləsə görüşmüşünüz?
-Mən dostlarla görüşürəm, onların arasında hakim elitaya daxil olanları da ola bilər, olmayanları da.
– Dostlar demiş, Eldar Namazovla görüşmüşünüz?
– Təəssüf ki, yox, çoxdandı görüşmürəm. Sonuncu dəfə anası rəhmətə gedəndə başsağlığı verdim.
– Rəhmətlik Vəfa Quluzadə ilə əlaqə saxlayırdınız?
– Çox hörmətli Vəfa Quluzadə ilə vəfatından az əvvəl görüşmüşdük. Məzuniyyətə gəlmişdim və onunla görüşdük. Onun vəfatı şəxsən mənim üçün böyük itkidir, eyni zamanda Azərbaycan üçün böyük itkidir. Mən ona dost münasibətimizi həmişə hiss etmişəm.
– Söhbətimizin sonunda Sizə birbaşa sual verməkdən özümü saxlaya bilmirəm. XİN-dəki indiki qeyri-sağlam vəziyyəti nə ilə izah edərdiniz? Diplomatlar, səfirlər istefa verir, müxalifətə keçir. XİN qalmaqallarla çalxalanır…
– Bizim XİN-dəki problemlər adi gözlə də görünür. Və belə görünür ki, bu problemlər təkcə bizə yox, prezidentə də məlumdur. Ancaq nöqsanların aradan qaldırılması üçün artıq hansısa addımlar atılır. Hərçənd ki, nəticələr haqda danışmaq tezdir.
Başa düşmək lazımdır ki, XİN-in avtoriteti toxunulmaz olmalıdır. Çünki bu nazirlik milli və dövlət maraqlarını qoruyur. XİN-dəki situasiya ictimaiyyətin müzakirəsinə açıla bilməz. Əgər XİN haqda çox danışırlarsa və yazırlarsa, deməli, bu strukturda böhran yetişib. Mən həyatımın xeyli hissəsini bu nazirliyə həsr etmişəm. Müstəqilliyin ilk günlərindən orada işləmişəm, milli maraqların təmin olunması üçün çox enerji sərf etmişəm. Ona görə də indi orada baş verənləri ağrı hissi ilə izləyirəm.
www.yenicag.az