Azərbaycanda 2018-ci ilin dövlət büdcəsinin ilkin variantında neftin bir barrelinin qiymətinin 45 dollardan götürülməsi nəzərdə tutulur.
Xatırladaq ki, hazırda neftin qiyməti 55-58 dollar arasında dəyişir. Eyni zamanda, Azərbaycan hökuməti 2017-ci il üçün dövlət büdcəsində neftin bir barrelini 40 dollardan götürmüşdü.
Görəsən, gələn il üçün dövlət büdcəsində “qara qızıl”ın bir barreli neçə dollardan hesablanacaq?
Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında bildirdi ki, 2018-ci il üçün də neftin bir barrelinin qiymətinin 2017-ci ildə olan səviyyədə qalmasının tərəfdarıdır:
“Son zamanlar neftin dünya bazarındakı qiyməti iqtisadi təsirlər altında formalaşmır. Ona görə də dövlət büdcəsində neftin bir barrelinin neçə dollardan təyin edilməsi məsələsinə həmişə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Bəllidir ki, dünyada gedən siyasi proseslər bu gün neftin qiymətinə daha çox təsir edir. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti də sözügedən məsələ zamanı bu amili nəzərə almalıdır. Bu səbəbdən fikrimcə, hökumət növbəti il üçün dövlət büdcəsində neftin bir barrelinin qiymətini qaldırmamalı, sabit saxlamalıdır. Çünki qiyməti qaldırdığı halda, neftin dəyərinin aşağı düşməsi fonunda yenidən büdcə layihəsinə baxmalı və müəyyən xərcləri ixtisar etməli olacaqlar. Sabit qaldıqda isə, növbəti ildə neftin qiymətinin aşağı düşməsi fonunda büdcəni nizamlamaq daha asan olacaq. Bu səbəbdən cari ildə neftin qiymətində bir qədər bahalaşma baş versə də, 2018-ci il üçün ehtiyat tədbiri olaraq, neftin dövlət büdcəsindəki qiymətinin sabit saxlanılmasının tərəfdarıyam. Yəni dövlət büdcəsində “qara qızıl”ın bir barrelinin qiyməti 40 dollardan götürülsə daha məqbul olardı”.
ELÇİN
www.yenicag.az