Gələn ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ötənilki imtahan modeli əsasında keçiriləcək.
Bu barədə Yenicag.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, DİM 2023-cü ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənlərindən istifadəsi planlaşdırılan yeni imtahan modelinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə birlikdə müzakirəsi aparılıb.
Modelin strukturunun fənn kurikulumunun müəyyən etdiyi məzmun xətlərinə aid alt standartlarının tələblərinə uyğun olması qeyd olunmuş, bilik və bacarıqların qiymətləndirilməsində yeni yanaşma kimi onun tətbiqi məqsədə müvafiq hesab edilib. Müzakirə nəticəsində yeni imtahan modelinin ümumtəhsil müəssisələrində aprobasiyadan keçirilməsi, ictimaiyyətə təqdim edilməsi, onlayn sınaq imtahanının təşkili və 9-cu siniflər üçün DİM tərəfindən hazırlanmış “Qiymətləndirmə kitabçası”nda yeni modelə uyğun tapşırıq nümunələrinin verilməsi qərara alınıb.
Qeyd edilənlərin həyata keçirilməsi üçün uzun müddət tələb olduğundan, qarşılıqlı razılaşma əsasında yeni imtahan modelinin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq edilməsi nəzərdə tutulur.
www.yenicag.az