TƏBİB-in "limit" siyasəti, yoxsa poliklinika rəhbərliyinin özbaşınalığı? – Siyəzəndən ŞİKAYƏT

media-hightechnic-468x90

Hər iki ayağı amputasiya olunmuş ağır şəkər xəstəsi Mayis Məcidovun dərman təminatı süni şəkildə azaldılıb. Redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, həkimin “dozanı artırın” rəyinə baxmayaraq, Siyəzən rayon poliklinikası xəstənin  həyati əhəmiyyət kəsb edən dərmanlarını kəsib.

Yenicag.az-ın redaksiyasına daxil olan şikayətə görə, ağır şəkər xəstəliyindən əziyyət çəkən və əlilliyi olan Mayis Məcidov hazırda çıxılmaz vəziyyətdədir. Uzun müddətdir sözügedən tibb müəssisəsindən dərman alan şikayətçi bu aydan etibarən poliklinika rəhbərliyinin qeyri-insani yanaşması ilə üzləşib.

M. Məcidovun sözlərinə görə, son vaxtlar şəkər göstəricilərinin kəskin yüksəlməsi səbəbindən müalicə həkimi dərman dozasının artırılmasını tövsiyə edib və bu barədə rəsmi tibbi rəy təqdim olunub. Vətəndaş həkim rəyinə əsasən dərmanın əvvəlkindən bir ədəd artıq verilməsini xahiş etsə də, poliklinikadan tam əks cavab alıb.

Belə ki, poliklinika rəhbərliyi bu ildən etibarən dərman təminatına “limit” qoyulduğunu əsas gətirərək, nəinki əlavə dərman verməyib, hətta vətəndaşın indiyədək aldığı dərman sayını da bir ədəd azaldıb. Bu yanaşma ağır xəstə və fiziki məhdudiyyətli şəxs üçün faktiki olaraq həyati risklərin artması deməkdir.

Məsələ ilə bağlı ciddi suallar yaranır:

Əgər həkimin rəsmi yazılı rəyi nəzərə alınmırsa, bu halda tibbi qərarı kim verir? Şəkər xəstəliyi kimi həyati təhlükə yaradan xəstəliklərdə dərman təminatına limit qoyulması hansı normativ sənədə əsaslanır? Ən əsası isə, hər iki ayağı amputasiya olunmuş, ağır vəziyyətdəki bir vətəndaşın dərmanının azaldılması hansı humanist və tibbi məntiqə sığır?

Qeyd edək ki, dərman təminatındakı bu cür süni məhdudiyyətlər xüsusilə xroniki və ağır xəstələr üçün ciddi fəsadlara, hətta geri dönməz nəticələrə yol aça bilər.

Mövzu ilə bağlı aidiyyəti qurumların Siyəzən şəhər poliklinikasının, TƏBİB-in və Səhiyyə Nazirliyinin məsələyə aydınlıq gətirməsini gözləyirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa