Bu gün “Baku Expo Center”də “Daşınmaz Əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Yenicag.az xəbər verir ki, konfrans açılış və işçi sessiyası olmaqla iki hissədən ibarət olub. Açılış sessiyasından tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, ƏMDK sədri Kərəm Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev, Belarus Dövlət Əmlak Komitəsinin sədri Andrey Qayev, Dubay Daşınmaz Əmlak Departamentinin Daşınmaz əmlak üzrə investisiyaların idarə edilməsi və təşviqi Mərkəzinin baş direktoru Məcid Saqer əl-Marri iştirak ediblər.
İşçi sessiyasından isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimov, Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Murad Abdullayev, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin Strateji özəlləşdirmənin təşkili və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Yalçın Camalov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) prezidenti Hüseyin Büyükfırat, Azərbaycanda KPMG şirkətinin idarəedici partnyoru Murat Karakaş, Azərbaycanda PwC şirkətinin idarəedici partnyoru Mövlan Paşayev iştirak ediblər.
Tədbirin ikinci hissəsində çıxış edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat Azərbaycanın iqtisadi inkişafının yüksələn xətt və uğurla irəlilədiyini deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı onun gələcəkdəki perspektivlərinin formalaşmasında mühüm rol oynayacaq:
“Azərbaycan son 10 il ərzində böyük inkişaf yolu keçib. Bu inkişaf sadəcə iqtisadi məsələlər yönəmində deyil, digər sahələrdə də özünü göstərir. Bu günkü gündə Azərbaycanda, həmçinin paytaxt Bakının hər tərəfində yeni tikilmiş binalarla qarşılaşırıq. Həmin tikililər iqtisadi inkişafın tələbilə ərsəyə gətirilir və bu da həm abidə, həm də simvol olaraq göz oxşayır. Bir tərəfdən bu abidələr, digər tərəfdən isə iqtisadi göstəricilər Azərbaycanın gələcəyinin daha yüksələn xəttlə inkişaf edəcəyinin göstəricisidir. Bu səbəbdən də ölkələrarası “Daşınmaz Əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsi alqışalayiqdir”.
TÜİB sədri həmçinin Azərbaycan-Türkiyə arasında olan iqtisadi tərəfdaşlıq məsələlərinin də uğurla davam etdiyini bildirib:
“Biz türk iş adamları olaraq, Azərbaycana neft xarici sektorlarda ən çox sərmayə qoyan və ən böyük şirkətlərdən biriyik. Qoyduğumuz sərmayənin miqdarı 6 milyar dolları keçib. Həmçinin, Azərbaycanda 10 mindən çox insanın işlə təmin olumasında böyük rol oynamışıq. Bütün bunlar da bizim qardaş ölkəyə olan güvənimizdən irəli gəlir. Eynən Azərbaycanı ilk olaraq müstəqil dövlət kimi tanıyan Türkiyə kimi.
Hər iki ölkə arasında olan əlaqələr daim uğurla inkişaf edib. Bu durum bizim mədəniyyətimiz, tariximiz xaricində aramızda olan qardaşlıq əlaqələrindən də qaynaqlanır. Türkiyə-Azərbaycan-Gürcüstan ölkələri arasında olan Bakı-Tbilisi-Ceyhan neft boru xətti və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi dünya səviyyəsində böyük layihələrin həyata keçirilməsinin göstəricisidir. Bundan başqa Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi də bu 3 ölkə arasında olan əlaqələrin daha da gücləndiyini göstərir”.
Sonda Hüseyin Büyükfırat keçirilən tədbirə və dəvətə görə minnətdarlığını bildirib. O bundan sonra da hər iki ölkə arasında olan əlaqələrin daha da inkişaf edəcəyini bildirərək, çıxışını yekunlaşdırıb.
Elvin Paşazadə
www.yenicag.az