Çallı addım-addım necə ayaqlandırıldı? – Həşim Səhrablı yazır

Hələ Sovet dönəmindən Çallı kəndi “demoqoq”lar kəndi olaraq tanınır. Dövrün kənd ziyalıları işğalçı Sovet rejiminin yolsuzluqlarına qarşı həmişə qələm və söz sahibi olub haqqını tələb edib. Yerli əhalinin bu cəsarətindən, qorxmazlığından ehtiyat edən saxtakar məmurlar kəndi “demoqoq” şəklində səsləndirərək özlərini haqlı, sakinləri haqsız vəziyyətə salmaq istəyiblər. Ancaq hər kəsin fərqində olduğu bir reallıq vardır ki, xalq hakimiyyətin təməlidir. Təməl üzərində haqlı, haqsız müzakirələri aparmaq yol verilən qanunsuzluqları mərkəzdən gizlətmək cəhdləridir ki, Sovet dönəmində mərkəzi hakimiyyət onsuzda bilincli şəkildə soyğunçuluq edirdi. Bu gün isə vəziyyət fərqlidir. Harınlamış saxtakar məmur qrupu mərkəzi hakimiyyətin iradəsindən uzaq, gizli şəkildə talançılıqla məşğuldur.

Respublikamız müstəqilliyini yenidən qazandıqdan sonra da kəndin Respublikanın ictimai-siyasi, mədəni həyatındakı rolu Sovet dönəmindəkindən də daha güclü bir formada davam edib. Təkcə 1990-cı il 20 Yanvar hadisələrində kəndin 5 igidinin şəhid düşməsi Çallının bir kənd kimi həm rayon, həm də ümumrespublika səviyyəsində önəminin göstəricisidir. Daha sonra Birinci Qarabağ Müharibəsində də Çallı sakinləri ön cəbhələrdə vuruşub. Çallı kəndi həmçinin rayonun ən çox nüfuz sayı olan kənddir.
İstər Sovet dövründə, istərsə də müstəqillik illərində iqtisadi cəhətdən də kənd təminatını öz zəhməti hesabına təmin edən, əlavə qazanc əldə etməyi bacaran yaşayış məntəqələrindən biri olub.

Buna isə, sakinlər mərkəzi hakimiyyətlərin iş yerləri açması və ya hər hansı başqa dəstək verməsi nəticəsində olmayıb. Əhali öz zəhməti ilə onlara aid olan torpaqlarda yüksək məhsuldarlıq əldə edərək nail olmuşdur.

Bu o torpaqlardır ki, illərdir fərqli yerli hakimiyyətlərin maraq dairəsi olmuş, zamanla az-az sakinlərdən qoparılaraq “şəxsi biznes” mərkəzinə çevrilmiştir. Sakinlər gündəlik qazanc mənbələri olan torpaqlarını zamanla itirmiş və sürətlə yoxsullaşmağa başlamışdır. Təbii ilk zamanlarda torpaqlar hissə-hissə zəbt edildiyi üçün narazı və zərər çəkən insanların sayı az olmuşdur. Məlum bizim cəmiyyətdə “məni dişləməyən köpək, qoy hüyürsün” psixologiyası hakim olduğu üçün o narazı şəxslər də tək-tək öz səsini yüksək zümrəyə, ən əsası mərkəzi hakimiyyətə çatdıra bilməmişdir. Yazmaq savadı olan şəxslər məktub şikayət formasında problemlərinə cavab axtarmaq istəsə də, bir çox məktublar rayon ərazisindən “çıxarılmamışdır”. Rayonda yalnız bir mətbu orqan var – “Əkinçi” qəzeti. O da rayonun mərhum milli şəxsiyyəti Həsən bəy Zərdabinin xatirəsinə görə saxlanılıb. Rayonda baş verən özbaşnalıqlara qarşı, xalqın ağır yaşamı və s. kimi məsələlərə münasibət bildirəcək qədər güclü deyil. Ümumiyyətlə rayondakı siyasi və media cəhətdən xalqın şikayətini bildirəcəyi açıq qapı yoxdur. Bu qapı sadəcə Rayon İH-dir ki, hazırda xalq elə İH-nin özbaşnalıqlarına etiraz edir.

Rayondakı özbaşnalıqlar 2005-2007-ci illərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Mənsur Məmmədov zamanında artmağa başlayır. Xırda rüşvət halları durmadan artır. Xırda dediyimə baxmayın, minlərlə vətəndaşdan toplanan xırda məbləğ vahid əldə toplananda böyük bir sərvət edir ki, hər ay yığılan o sərvət rayon infrasturukturuna xərclənsəydi indi əhali bəy, xanım kimi yaşayardı. Səhər durub sahəyə, axşam gəlib tövləyə girərək bütün gününü zülm içində keçirməzdi!
O zamanlar çox ümid bəslənilən, Çallı kəndindəki çıxışında qaz problemindən tutmuş bütün növ problemləri həll edəcəyinə söz verən yeni deputat da seçilmişdi: Jalə Əliyeva. Qaz problemi isə, 2-3 il əvvəl, birbaşa Prezident İlham Əliyevin səyi ilə həll edildi. Deputat xanıma o qədər ümidlər var idi ki, kimsə İH-dən nəsə gözləmirdi, hər kəs “Jalə söz verdi”, “Jalə edəcək” deyərək rayona bir qəhrəman gəlmiş kimi sevincə qərq olmuşdu. Ancaq Mənsur Məmmədov ilə eyni ildə mandat qazanmış xanım elə onunla eyni fayda vermiş oldu: 0. Qanunsuzluqların önü alınmır, bu bir yana günü gündən fərqli “yeniliklər” gətirilirdi.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çoxdan gözlənilən sərəncamı verir. Mənsur Məmmədov Rayon İH vəzifəsindən azad edilir. Hər kəs rayon artıq zülmdən qurtaracaq dediyi vaxtda daha böyük bir zülm – Lütvəli Babayev sədrliyi başlayır.

Lütvəli Babayev rayondakı etirazların artması, qanunsuzluqların çoxalması, rüşvət və s. kimi neqativ halların artması dövrünün kuliminasiya nöqtəsi oldu. Hətta Çallı kənd məktəbinin süpürgəçilərindən belə “dövlət vergisi” tutulurdu ki, bu vergi öncə rayon mərkəzinə getməli idi. Bu necə vergidir?! Üstəgəl əsl dövlət vergisi onsuzda verilirdi.
Lütvəli Babayevin İH illəri 2007-2019-cu illəri əhatə edir. Elə bir sistem qurulmuşdu ki, yuxarıda qeyd etdiyim “dövlət vergisini” verməyən hər kəs işdən qovulur, şəxsi mülklər – kafelər, restoranlar, marketlər” bağlanırdı. Amma “könüllü”…

Lütvəli Babayev dövründə yaşanan ən ciddi problem İH tərəfindən havadarlıq edilən fermalar və sakinlərə məxsus otlaqların zəbt edilməsi idi. Hər iki problem də bir-birinə sıx bağlıdır. Sədrliyinin ilk illərində Çallı kəndinə aid torpaqlarda bir ferma quruldu. Əvvəl ferma sahibi kənd sakinlərindən biri olan, pul müqavilində həmkəndlilərinə zülm yaşadan bir şəxs göstərildi. Sonra bəlli oldu ki, ferma əslində onun yox, birbaşa Lütvəli Babayevin özünə aid imiş. Nəzarəti də iki sürücüsündən “birinci şofer” rütbəsinə layiq görülmüş sürücü həyata keçirir. Məhşur “çayın döşü” ərazisində yerləşən bu ferma icacəsiz şəkildə əkin sahələrini tapdalayır, yonca və digər əkinlər məhv edilirdi. Torpaq sahibləri bəzi hallarda hədə-qorxularla susdurulurdu. Mən özüm, indi jurnalist olsam da o zamanlarda adi bir kənd uşağı, bəzən çoban, bəzən fəhlə idim. Bu özbaşınalığa qarşı narazılığımı bildirmək üçün bir dəfə gedib İH həyətinə daxil oldum. Təbii ki, içəri buraxan olmadı. İH-nin fermaya nəzarət edən “birinci şofer”ini gördüm. Bu özbaşınalığa son verin deyəndə “məzələnməyə” başlamışdı: “Neyniyəssən? Dövlət bizik e ə.. Çıx get burdan, başını əzib bir zibilliyə ataram tapan da olmaz. Səsinizi çıxarın görün başınıza nə oyun açırıq” – deyə, nəzakətli bir şəkildə evə yola salınmışdım..O vaxt 18 yaşım belə yox idi və mən dövlət travması almağa məcbur qaldım…

O ferma illər ərzində insanlara olmazın zülmlər verdi. Torpaq sahəsi ola-ola Çallı sakinləri inəklərini, qoyun-quzularını yemləmək üçün gedib bazardan ot almağa məcbur qalmışdılar. Bu da əlavə xərc idi və bəzən bu xərci qarşılaya bilməyən ailələr son gəlir yerini – mal və qoyun-quzularını satmışdılar. Bundan sonra isə, el arasında deyildiyi kimi, “eşşək kimi” gecə-gündüz işləyib dövlətə, Vətənə yetişdirdikləri su sonalarını, qəhrəmanları beləcə böyütmüşdülər.

Hinduşka oğrusu məsələsi də var idi. Milyonları sərvət kimi yığanlar 30 manat verib hinduşka almaq yerinə fağır sakinin hinduşkasını oğurlamışdı. Hardasan, əziz deputat, axı bu vətəndaş sənə onları müdafiə edəsən deyə səs “vermişdi”. Ah böyük ümidlərin qənimi….

Ferma problemi tək bununla da bitmir. Rayon İH tək bu ferma ilə deyil, kəndin digər özünə yaxın adamları ilə də kənd torpaqlarının zəbtini davam etdirirdi. İH-nin qoruduğu adamlar kənddə hər istədiyini edir, bütün torpaqlar şəxsiləşdirilir, insanların istifadə etdiyi bütün torpaqlardan kütləvi sıxışdırılması baş vermişdi. Polisə şikayət ümumiyyətlə edilmirdi. Çünki qərar öncədən bəlli idi. Çallıda, ümumən Zərdabda qərar göylərdən verilmirdi, məmur özbaşnalığından gəlirdi.. Eyniylə Sovet idarəetmə sistemi kimi idi. Olmaya bu şəxslər yenidən Sovet Sosialist Respublikası quraraq Rusiya maraqlarına xidmət etmək istəyirdilər? Kim bilir…
Ferma problemi ilə paralel su problemi də durmadan artırdı. Halbuki mərkəzi hakimiyyətin rayonlarda inkişaf xarakterli qərarları ilə kəndin su problemini yaxşılaşdırmaq üçün əlavə su matorları quraşdırılmışdı. Ancaq insanlar hələ də suyunu 5-6 manat verib maşınlarla təmin edirdi. Əslində su probleminin səbəbini son günlərə qədər anlamamışdım. Kənd torpaqlarında, amma kənd mərkəzindən kilometrlərlə aralıda salınmış sünii və böyük gölü görənə qədər. Sən demə, Çallı torpaqlarında hansısa “feodal qolçomaq” İH dəstəyi ilə sünii göl yaradıb və orada balıq biznesinə başlayıb. Ancaq su probleminin bir digər səbəbi də, fermalara aid, daha doğrusu zəbt edilən torpaqlardakı verimliliyi artırmaq üçün kəndə gələn suyun böyük bir qisminin də mənimsənilməsi imiş.
Bir dəfə örüşdəyəm, mala nəzarət etmək üçün mənim sıramdır və çobanlıq edirəm. Mənə də deyilib ki, heyvanları suvarmaq üçün fərqli bir yerə aparım. Ancaq yanımızdan keçən su arxından kiçik bir qulaq açmaq kifayətdir ki, böyük yol qət etmədən heyvanları suvarmaq mümkün olsun. Sən demə buna qolçomaqlar icazə vermirmiş. Mən də məhəl vermədən açdım. 1saat sonra dava düşdü nə düşdü… Gördüm yanımda dişlərini qıcamış it sürüsü var və onlar hər an üzərimə hücum çəkə bilər. Əlacsız razılaşmaq məcburiyyətində qaldım. O gün Jalə Əliyevaya olan ümidlərimi köpəklərin qıcanmış dişlərinə asıb orada qoyub gəldim.
Problemlər tək maddi də deyildi. Uşaqlar məktəbdə düzgün dərs də ala bilmir və həm də psixoloji təzyiqlərlə üz-üzə qalırdı. Konferans zamanlarında müəllimlər “salon doldurma funksiyası” yerinə yetirdiyi üçün dərslər boş keçirdi, Daha böyük salonları doldurmaq üçün uşaqlar da dərsdən çıxarılıb siyasi və boğucu mühitə salınırdı. Ən pisi isə, heç kim tədbir bitməmiş salondan çıxa bilmirdi. Bu birbaşa uşaq psixologiyası üçün mənəvi terrordur.
Rayondakı problemlər say-say bitməz. “Çallı 2020” və ya “Çallı 20 Fevral” deyə xatırlanacaq bu günki hadisələrin əsas səbəblərini az da olsa izah etməyə çalışdım.
Etirazlar an etibari ilə öz məqsədinə – haqsızlıqların aradan qaldırılmasına çatmışdır. Rayona yeni təyin edilmiş İcra Nümayəndəsi Mərdan Camalov şəxsən özü problemin birbaşa keçmiş İH Lütvəli Babayevdən qaynaqlandığını deyib. Özü isə, bütün problemlərin həll olunacağını, tələblərin yerinə yetiriləcəyini söyləyib.

Əməli qələbə olmasa da, Çallı kəndi diplomatik qələbə qazanmışdır. İH-nin bu sözləri, yol verilən bütün qanunsuzluqların, məmur özbaşınalığının olmasını qəbul etməkdir. Qalıb mərkəzi hakimiyyətin yerli hakimiyyətdən hesab sorması.

İndi ola bilsin ki, kimlərsə küçədə etiraz edən vətəndaşa “hirsli” qalacaq və onları zaman-zaman ləkələməyə, dövlətə qarşı siyasi təşəbbüs etməkdə günahlandırmağa cəhd edəcək. Elə isə, bir məqam yadda saxlanılmalıdır ki, Çallıda 20 Fevral, 2020-ci ildə baş vermiş hadisələrdə vətəndaş dövlətə qarşı üsyan qaldırmayıb. Vətəndaş məmur özbaşınalığı ilə yaranan ciddi problemlərin aradan qaldırılması üçün tələb aksiyası keçirib. Bu dövlətə xəyanət deyil, bu qanunları pozaraq, mərkəzi hakimiyyətin iradəsini qıraraq dövlətə xəyanət etmiş Mənsur Məmmədovun, Lütvəli Babayevin və onların əlaltılarının, onların qanunsuzluqlarına qarşı xalqı müdafiə etməli olduğu halda vəzifəsini düzgün istifadə etməyən deputat Jalə Əliyevanın yolsuzluqlarına, mərkəzi hakimiyyətə qarşı xəyanətinə etiraz idi. Vətəndaş bununla həm dövlətin ədalət refleksini, həm də özünün hüquqlarını qorumuş oldu.

Bu sadə xalq digərləri kimi Rusiyada milyonlar qazanan kimlərinsə qohumu deyil, heç milyonları da yoxdur. Bu sadə xalq Vətən övladıdır və haqsızlığa uğrayıb haqq səsini çıxarmışdır. Mediyanı bu mövzuda həssas olmağa, kimlərəsə aldanıb mərkəzi hakimiyyətin iradəsindən uzaqlaşmamağa çağırıram..
Bütün bu yazılanlar doğulduğu gündən 2014-cü ilə qədər bir saniyə belə Zərdabdan, Çallıdan kənarda yaşamayan, hər şeyi canlı yaşamış Jurnalist Həşim Səhrablının qələmindən yazılıb.