Türk dünyasının yeni geopolitik reallığı - Naqif Həmzə Qəbələ zirvəsinin tarixi əhəmiyyətindən yazır
7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dünyasının geopolitik transformasiyasında yeni mərhələnin başlanğıcını simvolizə etdi. Prezident İlham Əliyevin bu görüşdəki çıxışı təkcə Azərbaycanın regional liderlik iddialarını deyil, eyni zamanda, TDT-nin qlobal arenada artan rolunu və təşkilatın gələcək prioritetlərini əks etdirdi.Prezident İlham Əliyevin vurğuladığı əsas tezislərdən biri TDT-nin artıq “sadəcə əməkdaşlıq platforması” olmayıb, “ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşması”dır. Bu ifadə təşkilatın keçdiyi əhəmiyyətli təkamülü əks etdirir.
TDT-nin beynəlxalq nüfuzunun artması bir sıra obyektiv amillərlə şərtlənir:
- Daxili siyasi və iqtisadi sabitlik
- Əhəmiyyətli geostrateji mövqe
- Müsbət demoqrafiya və gənc əhali strukturu
- Nəqliyyat-logistika sahəsində böyük imkanlar
- Zəngin təbii resurslar
- Hərbi və hərbi-texniki sahədə artan potensial
Azərbaycanın təşkilata 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi isə ölkənin TDT-nin institusional güclənməsinə verdiyi əhəmiyyəti göstərir.
Zirvə görüşlərinin iki formatda – rəsmi və qeyri-rəsmi formatda keçirilməsinin ənənəyə çevrilməsi türk diplomatiyasının çevikliyini və effektivliyini artıran mühüm yenilikdir. 2024-cü ildə Şuşada keçirilən ilk qeyri-rəsmi zirvə və 2025-ci ildə Budapeştdəki görüş “mühüm qərarlarla yadda qalmış”dır. Bu format dövlət başçılarına daha sərbəst fikir mübadiləsi aparmağa və strateji məsələləri daha açıq müzakirə etməyə imkan yaradır.
Prezident İlham Əliyevin “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil” kəskin ifadəsi müasir geopolitik reallığın dəqiq təsvirini verir. Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsədlər arasında yer alsa da, hazırkı qlobal çağırışlar fonunda bu məsələlər yeni aktuallıq qazanıb.
Hərbi əməkdaşlığın institusionallaşması
Azərbaycanın 2026-cı ildə TDT üzvü ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi təşkilat daxilində müdafiə sahəsində əməkdaşlığın yeni səviyyəyə qaldırılması cəhdidir.
Yalnız 2024-2025-ci illərdə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib.
“Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.
44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları buna əyani misaldır.
Prezident çıxışında Azərbaycanın 30 illik işğala son qoyması və 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistanla sülh sazişinin paraflanmasına geniş yer ayırıb.
“Atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi” ifadəsi ölkənin post-münaqişə dövründə konstruktiv mövqeyini vurğulayır.
Prezident Əliyev Azərbaycanın “Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu” oynamasını vurğulayıb. Statistik göstəricilər bu rolun əhəmiyyətini təsdiqləyir.
2022-ci ildən bəri yükdaşımalar təqribən 90 faiz artıb.
Ələt Beynəlxalq Ticarət Limanı (yaxın illərdə gücü ildə 25 milyon ton), Xəzərin ən böyük ticarət donanması, 9 beynəlxalq hava limanı bu artımı daha da gecləndirəcəkdir.
Yeni Nəqliyyat Arteriyası Vaşinqton Zirvəsinin “digər mühüm nəticələrindən biri” olan Zəngəzur dəhlizinin açılması həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi üçün “yeni nəqliyyat arteriyası və ikinci marşrut” kimi təqdim edilib. Bu, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə ərazisi arasında birbaşa əlaqənin bərpası ilə yanaşı, regional bağlantıların genişlənməsinə xidmət edəcək.
Diversifikasiya Strategiyası Azərbaycanın enerji sahəsindəki nailiyyətləri təkcə iqtisadi deyil, həm də geopolitik əhəmiyyət kəsb edir.
14 ölkəyə təbii qaz ixracı
Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rolunu artırır.
2030-cu ilə qədər enerji istehsalının təxminən 40 faizinin bərpaolunan mənbələr hesabına təmin ediləcəyi planlaşdırılır.
Sərmayə Diplomatiyası Azərbaycanın TDT üzvü ölkələrə “20 milyard ABŞ dollarından çox” sərmayə qoyması iqtisadi inteqrasiyanın dərinliyini göstərir. Türkiyə ilə əməkdaşlıq bu sahədə prioritet təşkil etsə də, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə sərmayə fondlarının yaradılması çoxtərəfli əməkdaşlıq mexanizmlərinin formalaşmasına xidmət edir.
1926-cı il Bakı Türkoloji Qurultayının 100 illiyi
Prezident ilham Əliyevin 2026-cı ildə birinci Türkoloji Qurultayın 100 illik yubileyinin “TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması” təklifi simvolik əhəmiyyət daşıyır. Bu, Azərbaycanın türk dünyasının mədəni və elmi birliyinin formalaşmasındakı tarixi rolunun xatırlanmasıdır.
“Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir” ifadəsi TDT-nin təkcə siyasi və iqtisadi deyil, həm də sivilizasiya layihəsi olduğunu vurğulayır.
Prezident çıxışının sonunda işğaldan azad edilmiş ərazilərin bərpasına TDT üzvü ölkələrin verdikləri töhfələrə xüsusi yer ayırıb:
- Özbəkistan: Füzulidə Mirzə Uluqbəy adına məktəb
- Qazaxıstan: Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi
- Qırğızıstan: Ağdamda Manas adına məktəb
- Macarıstan: Cəbrayılda məktəb
- Türkmənistan: Füzuli məscidi
- Türkiyə: Çoxsaylı tunellər, körpülər, yollar
Bu layihələr “qardaş dəstəyinin” real ifadəsi və TDT daxilində həmrəyliyin nümunəsidir.
Qəbələ Zirvəsi türk dünyasının müasir geopolitik reallıqdakı yerini və rolunu müəyyənləşdirən tarixi hadisəyə çevrildi.
Zirvədə qəbul ediləcək qərarların “Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcəyi və xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəyi” proqnozu realist gözləntilərə əsaslanır. TDT-nin növbəti inkişaf mərhələsində Qəbələ Zirvəsi mühüm mərhələ və istinad nöqtəsi kimi qalacaq.