Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti 9 noyabr – Bayraq günü münasibəti ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişdir.
Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayaraq bildirdi ki, ökə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov hərbi hissənin şəxsi heyətinə şərəfli xidmətlərində uğurlar arzulamış və ölkə başçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir. 2016-cı ilin aprelin 2-dən 5-dək mənfur ermənilər bütün cəbhəboyu yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoydular. Qısa müddətdə Milli Ordumuz tərəfindən həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılaraq, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi və ətrafındakı yüksəkliklər,xüsusilə “Lələtəpə” yüksəkliyi eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyəti, hərbi təcrübəsi və ruh yüksəkliyi düşmənə sarsıdıcı zərbələr endirməyə kömək etdi. Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında geri çəkilməyə məcbur oldu.Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev şanlı Ordumuzun düşmənə layiqli cavabını qiyməyləndirərək söyləmişdir:
“Qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda, daha əlverişli mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi… Biz böyük hərbi qələbəni qazandıq. Ermənistanın ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarları onlar özləridir”
Hazırda Azərbaycan Ordusu regionun güclü ordularındadndır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir.
Hərbi hissə komandanlığı adından çıxış edən korpus komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Babək Səmidli şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Dövlət Bayrağı günü münasibəti ilə keçirilən tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Bayram tədbirində hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı, marş sədaları altında 100 metr uzunlugunda Azərbaycan Bayragının keçidi təşkil olundu.
Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Sonra respublikamızın populyar müğənnilərinin – Yusif Mustafayev və Əlikram Bayramovun iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunmuş, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.
Nəsimi rayon məktəblilərinin Azərbaycan əsgərinə böyük məhəbbətlə yazdıqları məktublar hərbi hissədə xidmət edən əsgərlərə çatdırılmış, məktublar əsgərlərə xoş təəssürat bağışlamışdır.
Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.
www.yenicag.az