Cəbhədə şəhid olan hərbçilərdən üçü dəfn edilib – Foto
Dünən ermənilərin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan hərbçilərdən biri İbrahimov Elnur Məhyəddin oğlu dəfn edilib.
Şəhid Elnur İbrahimov anadan olduğu Vladimirovka kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhum hərbçinin xidmət etdiyi hərbi hissənin rəhbərliyi, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağdam istiqamətində şəhid olan hərbçilərdən biri, 19 yaşlı Səftər Əlihüseyn oğlu Məmmədov Salyan rayonunda torpağa tapşırılıb.
Şəhid doğulduğu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.
Səftər Məmmədov ailənin yeganə oğlu, 3 bacının kiçik qardaşı olub.
Allah rəhmət eləsin!
Ötən gecə Tərtər rayonunda düşmənin hücumunu dəf edərkən şəhid olan Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladov torpağa tapşırılıb.
Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən verilən məlumata görə, V. Poladov doğulduğu Yuxarı Öysüzlü kəndində dəfn olunub.
Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin komandir və zabit heyəti, Tovuz rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin nümayəndələri, habelə kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb. Onun cəsur, vətənini sevən bir əsgər olduğu qeyd edilib.
Qeyd edək ki, V. Poladov ötən ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. O, ailənin tək oğlan övladı olub.