Cərimələnməmək üçün baqajlarını açan sürücülərlə bağlı SANKSİYA

Bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri, 28 May küçəsi, 23 saylı məktəbin qarşısında bir neçə nəqliyyat vasitəsi dayanma durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədilə baqaj hissəsinin qapağını açıq qoyub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a bildirib ki, son vaxtlar sürücülərin cərimədən yayınmaq üçün əl atdıqları üsullardan xəbərdardırlar:

“Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh tədbirlərini keçirməməsi üçün ya nömrələrin üstünü bağlayırlar, ya da baqajını açıq qoyurlar. Bu, yolverilməzdir”.

V.Əsədov yayılan fotoşəkillərlə bağlı ərazidə xidmət göstərən inspektorlara məlumat verildiyini bildirib: “Onlar lazımi tədbirlər görəcəklər”.

Şöbə rəisi məsələ ilə bağlı sürücülərə müraciət ünvanlayıb:

“Hörmətli sürücülər, hörmətli avtomobil sahibləri! Necə düşünürsünüz, gizlənməyə çalışmaq, yaxud baqaj yerinin qapağını qaldırmaq sizi məsuliyyətdən azad edir?!”

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, dayanma durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanının gizlədilməsi qanunaziddir:

“Dəfələrlə sürücülər tərəfindən buna cəhdlər olub və dərhal müvafiq tədbirlər görülüb. Əsasən qanunsuz parklanmaya nəzarət kameralarının olduğu ərazilərdə bu cür hallara rast gəlinir. Bu cür qanunazidd əməllər aşkarlandıqda dərhal Dövlət Yol Polisinə məlumat verilir və həmin avtomobilin sürücüsü müəyyən edilərək barəsində İXM-nə uyğun tədbir görülür”.

BNA rəsmisi deyib ki, sürücülərin bu hərəkətinə görə cərimə sanksiyası daha ağırdır:

“Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına, o cümələdən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq”.