Çinarə ÖMRAY: Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazmışdı?
Ən çox sevdiyim Hüseyin Cavid. Bu ada heç cur laqeyid qala bilməzdim. Cavid- ədəbiyyatımızda ilk mənzum dram olan “Ana” Pyesininin müəllifi, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi, “İblis” pyesinin uğurla tamaşaya qoyulması ilə ədəbi şöhrəti daha da artırmış şəxs, “Gizli millətçi əksinqilabi təşkilat”da iştirakı bəhanəsi ilə səkkiz illik həbs cəzasına məhkum edilmiş şəxsiyyət və nəhayət dinini, millətçiliyini hər şeydən üstün və öndə tutan böyük insan. Uğrunda canınından, azadlığından, doğmalarından keçdiyi Azərbaycanında ardınca bəzi bu tip mənfi fikirlərin səslənməsini eşitsəydi nə reaksiya verərdi görən şair? Maraqlısı odur ki, Səməd Vurğun Cavid haqqında o şeri yazanda 31 yaşı varmış. Cavid isə demişdi ki,
Otuz yaşında gömülmək məzara, məhv olmaq;
Bu, bir şikəstəəməl dilbərin təranəsidir.
Hər halda düşünürəm ki, Cavidin təbirincə desək bu yaşda sürgünə gedib, məhv olmaqdan qorxan şairin şistəməəl təranəsidir bu. Amma Səməd Vurğunun bu şerinə haqq qazandıranlar da az deyil gördüyümcə.
Məncə Cavid bu şeri oxusaydı eyni təmkinliklə cavabı bu olardı
Gülümsəyib də diyordum: zavallı insanlar!
Nasıl da hər sözə bel bağlayıb da aldanıyor?
(H.Cavid-Bilmem kime?)
Cavidin söykəndiyi həqiqətin bircə mənası olub: xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlərin sırasında görmək! Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biridir. Ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynamışdır. Cavidin dininə, millətinə, millətçiliyinə arxa çıxmasaydı o illər represiya qurbanı olmazdı. Vətən, xalq, millətçilik haqqında yazdığı əsərləriylə bütün dünyaya səs salan Cavid necə vətəninə, xalqına böhtan atan kimi göstərilə bilər ki?
Mən Səməd Vurğunun bu şerini oxuyanda həqiqətən cox təsirlənmiş və təssüflənmişdim. Əslində ən sevdiyim sənətkardır hər ikisi. Amma görünür tək indi yox o zamanlar da bu tip qısqanclıqlar var imiş.
- Vurğunun Cavid haqqında yazdığı şeri oxuduğum kimi yazıram.
Hüseyn Cavidə:
Sən ey böyük günlərin adına böhtan atan,
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik aşiqiyəm” deyən deyilmiydin, sən?
Ömründə bir yaxşılıq gəlməmişdi əlindən.
Millətçilər adına dedi böyük sənətkar,
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən Həmidi qoltuğa vurub gəzməyə getdin,
Hərədən bir tük çəkib, kosuna saqqal etdin.
Azərbaycan şairi olsa da qorxaq adın,
Sultanların, şahların sinəsini yaladın.
Utanmadan Vaqifin, Füzulinin üzündən,
O murdar arzuların torpaqlara gömüldü,
Sənin yaratdıqların özündən əvvəl öldü.
Və Cavidin bir misrasın xatrladım nədənsə burda:
Şər olmadıqca xeyrə qovuşmaq mahal olur,
Qəsvətli, sisli hər gecədən bir, günəş doğar.
Hürriyyət öylə nazlı bir afət ki , tək vüqar,
Qan axmadıqca kimsəyə gülməz o işvəkar.
Və sözümü H.Əliyevin Cavid haqqında dediyi bu fikirlərlə tamamlamaq istəyirəm
“Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. EXalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.