Çingiz Əlioğlu vəzifəsindən istefa verdi
Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, tanınmış şair Çingiz Əlioğlu vəzifəsindən istefa verib. Əldə etdiyimiz məlumata görə, Çingiz Əlioğlu təqaüd yaşına çatdığına, dövlət qulluğunda yaş həddi ilə bağlı qoyulmuş qadağaya görə işdən çıxmaq barədə ərizə yazıb.
Maraqlıdır ki, istefa bir gün öncə olsa da bu barədə mətbuata açıqlama verilməyib.
Çingiz Əlioğolunun nazir Əbülfəz Qarayevlə problemlərinin olduğu barədə də müəyyən informasiyalar yayılmaqdadır.
Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. Burada B.Sərdarov adına orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil alıb (1961-1965). Bədii yaradıcılığa “Gənc qələmlər” (1967) toplusunda çıxan “Xatirələr” şerilə başlamışdır. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edir. Əmək fəaliyyətinə “Gənclik” nəşriyyatında redaktor kimi başlamışdır. Orada böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışmışdır (1992-.). Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak etmişdir. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqında gənclərlə iş üzrə komissiyanın üzvüdür. Ümumittifaq poeziya müsabiqəsinin üç qalibindən biri kimi “Yunost” jurnalının “Yaşıl yarpaq” mükafatına, Azərbaycan LKGİ MK-nın və Ukrayna KP İvanovo-Frankovsk vilayət komitəsinin fəxri fərmanlarına layiq görülmüşdür. Finlandiya Respublikası Maarif Nazirliyinin təqaüdçüsü (1990), Beynəlxalq “Kalevala” cəmiyyətinin üzvüdür(moderator.az).