Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Musa Qasımlı prezidentin sərəncamının Azərbaycan tarixində böyük əhəmiyyət daşıyacağını və bu səbəbdən də yüksək qiymətləndirdiyini deyib. O, bildirib ki, bu qərar tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açacaq:
“Cənab prezidentimiz İlham Əliyev tərəfindən 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti vardır. Bu fikir ictimaiyyətin ürəyincədir. Məlumdur ki, 1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq, Cümhuriyyətin qurulduğunu elan etdi və demokratik bir dövlət qurdu. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verdi.
İşğal nəticəsində süquta uğrasa da, onun yerində Azərbaycan SSR quruldu. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu.
Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlandı. Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynadı. Həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində Cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və s. nəşr edildi.
Görülən işlər heç şübhəsiz, böyük əhəmiyyət daşısa da, tədqiqini gözləyən elmi-nəzəri problemlər hələ də qalmaqdadır. Bu baxımdan cənab Prezidentimiz İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında 2017-ci il 16 may tarixində imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır. Tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu qərar və 2018-ci ilin Cümhuriyyət ili çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında mühüm rol oynayacaqdır”.
Elvin Paşazadə
www.yenicag.az