!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha 120-ədək mənzil və fərdi ev şəhid ailələrinə verildi

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Bakıda və ölkəmizin müxtəlif rayonlarında daha 120-dək fərdi yaşayış evinin və yeni yaşayış binalarından alınmış mənzilin şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilməsinə başlanıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, fərdi evlərin və mənzillərin istifadəyə verilməsi tədbirlərində Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin amilinin dayandığı vurğulanıb. Bildirilib ki, bu istiqamətdə 2019-cu il də mühüm irəliləyişlərin əldə olunduğu bir ildir. 2019-cu ildə sosial sahədə inqilabi addımlar atılıb, minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, müavinət və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərin müavinətləri 50 faiz, eləcə də tələbələrin təqaüdləri, əməkhaqları əhəmiyyətli şəkildə artırılıb. Həmçinin şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb. 800 min insanın kredit problemi həll olunub. Ümumilikdə, 2019-cu ildə reallaşdırılan iki sosial paketin əhatə dairəsi 4,2 mln. nəfər, illik maliyyə yükü 3 milyard manatdan çoxdur.

Qarabağ müharibəsi əlilləri Prezidentin aylıq təqaüdünü, habelə bu təqaüdlə yanaşı, böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar. Builki iki sosial paket hər üç istiqamətdə – təqaüd, pensiya və müavinətlərdə ciddi artımı təmin edib.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi yaşayış evləri ilə təminatı proqramı da ildən-ilə genişlənir. Bu kateqoriyalardan olan vətəndaşlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə bu göstərici daha 50 faiz yüksəlib. Belə ki, hazırda verilməyə başlayan 120-dək fərdi ev və mənzil də daxil olmaqla, 2019-cu ildə şəhid ailələrinə və müharibə əlillərinə verilən fərdi ev və mənzillərin sayı 934-ə çatır. Ümumilikdə isə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 dekabr 2019-cu il tarixli Sərəncamı bu kateqoriyalardan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına dövlət başçısının xüsusi qayğısının növbəti ifadəsidir. Sərəncamda ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 20 milyon 610 min manatın ayrılması tapşırılır ki, bu da həmin vətəndaşlar üçün yeni fərdi yaşayış evlərinin tikintisi işlərinin uğurla davam etdirilməsinə təminat verir.

Yeni fərdi yaşayış evi və mənzillə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial təminatlarının gücləndirilməsi, rifah halının yaxşılaşdırılması sahəsində aparılan və ildən-ilə geniş vüsət alan işlərdən razılıqlarını bildiriblər. Onlar göstərilən yüksək qayğıya, yeni mənzil və fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

www.yenicag.az

829
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv