İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Bu barədə Yenicag.az-a qurumdan bildirilib.
Məlumata görə, Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında paytaxtın Xətai rayonunda fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində operativ nəzarət tədbirləri həyata keçirilib.
Nəzarət tədbirləri zamanı “Sema-Zen” MMC-yə məxsus eyni adlı restoranda 14 nəfər və Axundov Cəfər Musa oğluna məxsus ”İskəndərçi” restoranında 14 nəfər olmaqla, ümumilikdə 28 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilib.
Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş hər iki vergi ödəyicisi barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.
“İşçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə əmək münasibətlərin və gəlirlərin gizlədilməsinə yol açır. Əmək müqaviləsinin bağlanması işçilərin əmək və sosial hüquqlarının rəsmi qaydada tanınmasına, qorunmasına, eləcə də onların gələcəyinin etibarlı təmin edilməsinə imkan verir. Əmək müqavilələrinin bağlanması sahəsində nəzarət tədbirləri davam etdiriləcək”, – deyə Dövlət Vergi Xidməti bəyan edib.
www.yenicag.az