Daha bir erməni vəhşiliyinin ildönümü: metro terrorundan 23 il ötür

Ermənistan xüsusi xidmət orqanlarının planı əsasında 1994-cü il iyulun 3-də səhər saat 08-30-da Bakı Metropoliteninin “28 May” stansiyasında növbəti terror aktı törədildi.

Yenicag.Az xəbər verir ki, “Gənclik” stansiyasına doğru hərəkət edən qatarın ikinci vaqonunda törədilən partlayış nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı.

Terror aktı ilə bağlı aparılan istintaq nəticəsində o qanlı cinayətin Azərbaycan vətəndaşı, vaxtilə erməni əsirliyində olan, separatçı “Sadval” təşkilatının təəssübkeşi Azər Aslanov tərəfindən törədildiyi müəyyənləşdi.

Bundan sonra yaxalanaraq Azərbaycana gətirilən Aslanov istintaqa ifadəsində qandonduran etiraflar edib. Terrorçu Bakı metrosunda terror aktı törətmək göstərişini bədnam erməni yazıçısı Zori Balayandan aldığını bildirib.

Araşdırma zamanı müəyyən edilib ki, Aslanov əsirlikdə olduğu müddətdə – 1994-cü il yanvarın 13-də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa razılıq verib.

İstintaq ifadələrinə əsasən, Aslanovu azadlığa buraxacaqlarını bildirən ermənilər Aslanovun anası Tədcibat Aslanovanın İrəvana səfərini də təşkil ediblər. Bundan sonra isə Aslanova bildirilib ki, anası və o, yalnız Bakı metrosunda terror aktı törətdikdən sonra azad ediləcəklər.

Buna razılıq verən Aslanov ermənilərin verdikləri saxta sənədlərlə Azərbaycana gəlib və qeyd olunan tarixdə metroda partlayış törətdikdən sonra Ermənistana qayıdıb. Aslanovun ifadəsinə əsasən, terror aktını törətmək üçün əsas təlimatı polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyandan alıb.

Məhkəmənin qərarına əsasən, Azər Aslanov bu cinayətinə görə azadlıqdan ömürlük məhrum edilib.

Xatırladaq ki, ermənilərin Bakı metropolitenində təşkil etdikləri ilk terror aktı da 1994-cü ilə təsadüf edir. Həmin il martın 19-da saat 13:00 radələrində metronun “20 Yanvar” stansiyasında baş verən terror aktı nəticəsində 14 nəfər, o cümlədən xalq artisti Rafiq Babayev həlak olub, 49 nəfər isə yaralanıb.

Həmin cinayətin də Ermənistan xüsusi xidmət orqanlarının təlimatlandırdığı 11 “Sadval”çı tərəfindən törədildiyi sübut olunub. Onlardan ikisi barəsində güllələnmə hökmü çıxarılıb, qalanları isə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Azərbaycanda metropoliten və digər strateji obyektlərin mühafizəsinin təşkili ilə bağlı Yenicag.Az-a danışan sabiq təhlükəsizlik zabiti İlham İsmayılın fikrincə, bu çərçivədə əsas məsələ mümkün hadisədən əvvəl zəruri tədbirlərin həyata keçirilməsidir:

“Təbii ki, metroda və başqa mühüm obyektlərdə mühafizənin yüksək səviyyədə təşkili istiqamətində işlər görülür. Bu məsələnin detallarına varmadan deyə bilərik ki, təhlükəsizlik tədbirləri həyata keçirilir.

Eyni zamanda, ona da şükür etməliyik ki, Azərbaycan hazırda terrorun hədəfində olan ölkələrin sırasında deyil. Lakin Azərbaycanın indiki vəziyyətini, məlum dövlətlərlə münasibətini və başqa məqamları nəzərə aldıqda, təhlükəsizlik məsələsində sayıqlığı bir an da itirmək olmaz.

Açığını desək, terrorun hədəfinə gəlmək sadə məsələ deyil. Yəni terrorçuların öz cinayətkar niyyətlərini həyata keçirtmələri əksər hallarda mümkün olur. Burada əsas məsələ mümkün terror hazırlıqlarının vaxtında aşkarlanması və icraçıların zərərsizləşdirilməsidir.

Təhlükəsizliklə bağlı danışanda, sözsüz ki, texniki məqamları da nəzərə almaq lazımdır. Bu da çox mühüm amildir. Bakı metrosunda 1995-ci ilin oktyabrında texniki səbəbdən baş vermiş hadisə öz qurbanlarının sayına görə hətta Ginnesin rekordlar kitabına düşdü.

Yenə o fikrimə qayıdıram ki, əsas məsələ mümkün terror aktı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, hadisənin qarşısının vaxtında alınmasıdır”.

Yenicag.Az