Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılığın və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlər əldə edilib.
Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək mənfi amillərə, geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin Yenicag.az-a daxil olan birgə məlumatında bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə qeyd edilən qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
www.yenicag.az