Deyir, onu heç kim depressiyaya sala bilməz. Onu incidən insanlara qarşı reaksiyası da sərt olmur. Hətta onlarla qarşılaşanda qucaqlayıb, bağrına basır. Amma ailəsinə, övladına toxunan insanı…
Damlanın Yenicag.az-a müsahibəsini təqdim edirik:
– Belə fikirlər də səslənir ki, Damla fanatlarını özü öyrədir, yönləndirir? Bu sözləri eşidəndə reaksiyanız necə olur?
– Bəzən gülürəm. Mən axı o bölgələrdə kimi tanıyıram? O insanları necə topladım, necə öyrətdim, bu, axı mümkün deyil?
– Belə söz-söhbət sizi depressiyaya salırmı?
– Heç vaxt. Məni yalnız özüm depressiyaya sala bilərəm, başqa heç kim.
– Nə çıxardır bəs depressiyadan sizi?
– Çalışıram romantik filmlərə baxım. Bir az ağlayan kimi sakitləşirəm. Əslində, məni insanlar müzakirə etmir, məni müzakirə edən şou cameəsidir. Onlar da ya məni tanımaq istəmir, ya da əksinə.
– İnsan sərrafı demək olar sizə?
– 80 faiz…
– Ayağınızın altını qazan insanla qarşılaşanda onlarla necə davranırsız?
– Qucaqlayıb bağrıma basıram və özünə hiss etdirmirəm ki, axı hər şeyi bilirəm.
– Ürəyinizin “40-cı qapısı” varmı, hansı ki, ora heç kimi buraxmırsız?
– Ürəyimin nə banket zalı var, nə də VİP zalı, cəmi bir qapısı var.
– Prodüserinizlə yola gedə bilirsiz?
– Hərdən fikir ayrılığı olur, dinləmək məcburiyyətindəyəm.
– Heç sizə görə davaya düşüb?
– Olub. Amma bu söz-söhbət polisə qədər gedib çıxmayıb.
– Özünüzə qadağalarınız var?
– Həddən artıq. O qadağalara riayət etdiyim üçün insanlar məni sevir. Mən də çox şey edərəm. Amma özümə deyirəm ki, nə olar, nə olmaz.
– Adətən qapalı geyinirsiz…
– Xarakterimlə bağlıdır, belə özümü daha rahat hiss edirəm. Qısa geyinsəm, bilirəm ki, əlim paltarda qalacaq.
– Heç sevgi təklifləri alırsız?
– Hər kəs kimi sevgi məktubları alıram və bu, khamı kimi məni də ruhlandırır.
– Xoşladığınız mesajları saxlayırsız?
– Yox, silirəm.
– Sirli qadın demək olar sizə?
– Bəli.
– Bəs eşq qadını?
– Bilmirəm, son dönəmlər duyğularımı itimişəm. Tapsam, bəlkə də eşq qadını ola bilərəm. Sevə bilmirəm. Amma sevəndə, ağlımı itirəcək qədər də sevmirəm.
– Sevdiyinizə nəyi qurban verərdiz?
– İşimi, övladımı, ailəmi heç bir halda qurban vermərəm.
– Dəlicəsinə vurulsanız da?
– Zamanında oldu, evlilik dönəmində… Demək ki, dəymir. Məni hər halımla qəbul et, yanımda ol. Bunu bacarmırsansa, dəyişdirməyə çalışma. Mən belə hesab edirəm.
– Konsertinizdə sizi şoka salacaq təklif alsanız, cavabınız nə olar?
– Məni şoka sala bilən nə təklif ola bilər ki?
– Məsələn, evlilik təklifi…
– Bu, məni təəccübləndirməz. Düşünərəm ki, yeri, zamanı deyil. Bəlkə də çox diqqətsizi yanaşaram həmin insana.
– Sizi incidən insanla necə davranırsız?
– Susmaq, uzaqlaşmaq və görməzlikdən gəlmək.
– Leksikonunuzda bağışlamaq sözü var?
– Var, abzasdan, təzə sətirlə, böyük hərflərlə… Bağışlamaq böyüklükdür.
– Birdəfəlik sildiyiniz adamlar olur?
– Ailəmə, mənə ziyan gətirən insanları nə axirətdə, nə qiyamətdə bağışlamayacam.
– Elə günahlarınız varmı ki, Allaha yalvarıb bağışlamağını istəmisiz?
– Günahsız insan yoxdur. Hamı etdiyi günahlara görə Allaha sığınır. Adam öldürməmişəm ki, deyim, o boyda günahlarım var. Amma insanıq, bəzən bilərəkdən, bəzən bilməyərəkdən səhvlər edib günah qazanırıq.
– Allaha tapşırdığınız insanlar çox olub?
– Məni incidən, düzgün anlamayan, haqqımda səhv düşünən, qəsdən əzməyə çalışan insanlara cavab vermirəm, qisas hissim də yoxdur. Onları Allahın ədalətinə buraxıram.
– Özünüzü gözəl qadın sayırsız?
– Gözəl qadın deyiləm, azacıq şarmım var.
Cəvahir
www.yenicag.az