Danimarkada şübhəli şəxs güllələndi
Danimarka paytaxtında iki nəfərin ölümü ilə nəticələnmiş iki hücumu törətməkdə şübhəli sayılan şəxs öldürülüb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Kopenhagen polisi cinayətkarın şənbə günü güllələndiyini bildirib. Həmin şəxs polislərə Kopenhagenin Norrebro rayonunda atəş açıb və cavab atəşilə öldürülüb.
Bundan əvvəl Kopenhagendə ifadə azadlığı məsələlərinə həsr olunmuş debatın keçirildiyi kafenin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanmışdı. Həmin debatda Məhəmməd Peyğəmbərin karikaturalarını çəkən isveçli karikaturist Lars Vilks və Fransanın Danimarkadakı səfiri Francois Zimeray də iştirak ediblər.
Kafenin atəşə tutulması zamanı onlara heç bir xəsarət dəyməyib. Kafeyə hücumdan sonra Danimarka paytaxtının əsas sinaqoqu da atəşə tutulub, nəticədə milliyətcə yəhudi olan qapıçı ölüb, 2 poilis əməkdaşı yaralanıb.
Danimarka polisi ilkin məlumatlara əsaslanaraq hər iki halda silahdan eyni şəxsin atəş açdığını və həmin şəxsin tək hərəkət etdiyini bildirib.