“Daşınmaz əmlak sığortası ilə bağlı cərimə söhbətlərinin heç bir qanuni əsası yoxdur və sığorta işbazlarının uydurmasıdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri daşınmaz əmlakını sığorta etdirməyənlərin cərimələnməsi xəbərinə münasibət bildirən siyasi ekspert Aydın Quliyev bildirib. Onun sözlərinə görə, sığorta şirkətləri öz mənafeləri naminə əhali arasında kütləvi panika çıxarıblarvə bu, yolverilməzdir:
“Bir neçə həftədir ki, evini və digər daşınmaz əmlaklarını sığorta etdirməyənlərin yanvarın 1-dən 50 manat sığorta haqqından əlavə olaraq, 30 manat da cərimə olunacağı ilə məlumatlar yayılır. Bu şayiəni fürsətdən istifadə edərək kimlərisə dərhal sığorta oyununa cəlb etmək üçün bəzi sığorta şirkətlərinin əməkdaşları qəsdlə yayırlar.
Məcburi əmlak sığortası dünyanın bütün normal ölkələrində var və nə vaxtsa tam normal əsaslarda Azərbaycanda da tətbiq olunacaq və olunmalıdır. Hazırkı cərimə söhbətlərinin isə heç bir qanuni əsası yoxdur və sığorta işbazlarının uydurmasıdır”.
Aydın Quliyev qeyd edib ki, əmlakın məcburi sığortasının olmamasına görə cərimələrin tətbiqinə dair hələlik heç bir rəsmi tarix müəyyən olunmayıb:
“Rəsmi tarix müəyyən edilmədiyi halda hansısa sığorta şirkəti vətəndaşı cərimə edərsə, maraqlıdır ki, hansı mexanizm əsasında cərimələyəcək və bu cəriməni yığacaq? Rəsmi tarixi müvafiq qanun aktına imza atmaqla, yalnız ölkənin Prezidenti müəyyən edə bilər.
Prezidentin qərarını gözləyin”.
Gülşən Şərif
www.yenicag.az