Bu gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış özbək tarixçisi, publisisti və ictimai xadimi Şuhrat Salamovun (Şuhrat Barlas) “Daşnaklar Fərqanədən Qarabağa qədər” adlı kitabının təqdimatı baş tutub.
Yenicag.az xəbər verir ki, tanınmış alimlər, ictimaiyyət nümayəndələri və jurnalistlərin qatıldığı tədbirdə təqdim olunan kitab Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü, ailəsi 1937-ci ildə Naxçıvandan Qazaxıstan və Özbəkistana sürgün edilmiş Mehdi Məmmədovun maliyyə dəstəyilə işıq üzü görüb.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib ki, sözügedən kitabda ermənilərin özbəklərə qarşı törətdikləri qətliamlardan bəhs edilir.
Kitabın hazırlanma prosesi barədə məlumatlı olduğunu bildirən Umud Mirzəyev qeyd edib ki, “Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabı əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı film də çəkilib.
Daha sonra nümayiş etdirilən həmin 30 dəqiqəlik sənədli filmdə Özbəkistanın tanınmış tarixçilərinin Türküstan hadisələri ilə bağlı çıxışları yer alıb. Filmdə Türküstanda törədilən soyqırımı ilə yanaşı, 1918-ci ilin mart ayında Bakıda, Qubada və Azərbaycanın digər regionlarında daşnakların törətdiyi qətliamlar, talanlar, habelə ötən əsrin sonlarında azərbaycanlıların Ermənistandan deportasiyası, Qarabağda başlanan işğalçılıq və etnik təmizləmə siyasətindən ətraflı bəhs edilib.
Filmdə XX əsrin sonlarında ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı haqqında da danışılır və o dəhşətli faciəni əks etdirən kadrlarda erməni vəhşiliyinin miqyası tamaşaçılara əyani sürətdə çatdırılır.
Film bitdikdən sonra çıxış edən “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabının təqdimatının bütün universitetlərimizdə keçirilməsi təşəbbüsünü irəli sürüb. Sona Vəliyeva ermənilərin törədikləri qətliamlara görə tarix qarşısında cavab verməli olduqlarını vurğulayıb.
Daha sonra çıxış edən rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov kitabın ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlərin ifşa olunması baxımından, böyük əhəmiyyət daşıdığını qeyd edib:
“Aydın məsələdir ki, ermənilər şərəfsiz adamların əlləri ilə özlərinin Orta Asiyada müsəlmanlara qarşı törətdikləri cinayətləri ört-basdır etmək istəyirlər. O baxımdan, özbək alim Şöhrət Barlasın yazdığı bu kitab çox önəmlidir”.
Tədbirin yekununda çıxış edən “Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabının müəllifi Şuhrat Salamov keçirilən təqdimata görə təşkilatçılara və qonaqlara öz minnətdarlığını bildirib:
“Uzun müddət arzulayırdım ki, ermənilərin müxtəlif regionlarda törətdikləri qırğınlar haqqında kitab çap etdirim. Kitabın ərsəyə gəlməsinə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.
Gülşən Şərif
www.yenicag.az